UCUZ RUS NEFTİNDƏN İMTİNA ETMƏYİN VAXTI ÇATIB?

Polşanın “Rzeczpospolita” nəşrinin iqtisadi icmalçısı İvona Truseviç (Iwona Trusewicz) yazır: “Bir həftə əvvəl bütün Avropanın əldə etdiyi ucuz, əlçatan Rusiya neftindən imtina etməyin ağılsızlıq addım olduğunu yazanda haqlı olmamışam. Həyat məni fikirlərimi yenidən nəzərdən keçirməyə məcbur etdi”.

Müəllif davamında qeyd edir: “Ötən həftə “Dostluq” neft kəmərinin başına gələnlər mənim kimi skeptiklərə tədarük, o cümlədən xam mal mənbələrinin diverfikasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərən danılmaz sübut olub. İstənilən an və istənilən səbəbdən dolayı Polşaya neft idxalı dayandırıla bilər. Bu səbəblərdən biri kimi rus neftini alan ölkələrdə neft emalı müəssisələrinin avadanlığının fəaliyyətini poza bilən maddələrin çoxluq təşkil etməsini göstərmək olar”.

Nəşr xatırladır ki, Moskva neftin qəsdən çirklədildiyini bildirib və sərt tədbirlərə əl atacağına söz verib. Lakin sabotaj tezisi elə də inandırıcı görünmür: kim və hansı məqsədlə ixraca gedən xam mala üzvi xlor birləşmələri əlavə edə bilər?

Bu, tranzit dərəcələrini birdən-birə 23% qaldırmaq istəyən Belarusu cəzalandırmaq cəhdi olub? Olubsa, Kremlin bunda əli var, çünki Minsklə münasibətlər sırf Moskvanın səlahiyyətində olan sahədir. Bəlkə məqsəd Belarusun çirklənmə faktını nə qədər tez müəyyənləşdirə bilməsini yoxlamaq olub? Həmçinin öyrənmək istəyiblər ki, Belarus belə bir halı təyin etdikdən sonra nefti Polşa, Almaniya, Çexiya və Ukraynaya nəql edəcəkmi? Həmin ölkələrin neft emalı zavodları problemlə üzləşib, bütün bunlarda Belarusu günahlandıracaqmı? Belə olduğu təqdirdə də, Kremlin işdə əli olduğu görünür. Həqiqətə ən çox uyğun olan üçüncü variant qalır: həmişəki səhlənkarlıq. Başdansovdu iş kimi bu da Rusiyada geniş yayılmış haldır. Çox güman, yoxlama işlərini həyata keçirən orqanların səhlənkarlığı ucbatından partiyalardan birinə bu qədər üzvi xlor birləşməsi düşüb, bu da bütün ixracı təhlükə altına qoyub.

Bu məsələdə cavabdan çox sual var. “Cinayətkarın” və ya günah keçisinin axtarışı davam edir və hadisə çox güman, onun ictimai ifşası ilə başa çatacaq. Ola bilsin, ictimaiyyət həqiqəti heç vaxt öyrənməyəcək. Ancaq Rusiyanın bütün müştəriləri üçün bir nəticə çıxır: bu cür hadisələrdən zərər çəkməmək üçün tədarük mənbələrini genişlətmək lazımdır. Bu yaxınlarda nəşrdə işıq üzü görən məlumata əsasən, hazırda Polşanın neft emalı müəssisələri xam malın 76%-dən çoxunu Rusiyadan alır. Ona görə onların məşğul olmağa işi var.

FİKRİNİ BİLDİR