"FORMULA-1" "ŞƏHƏRİ ALOVLANDIRIR", SAKİNLƏRİSƏ YANDIRIR

“Formula-1” yarışlarında Azərbaycan Qran-prisinin rəsmi şüarı “Şəhəri alovlandıraq” (“Ignite the City”) olub.  Lakin Bakı sakinləri bu yarışla bağlı böyük ruh yüksəkliyi hiss etmir. Onlar  hesab edirlər ki, yarışın ölkəyə gətirdiyi beynəlxalq şöhrət yerli sakinlərin çoxsaylı narahatlığını doğrultmur. Bu barədə Ostin Kleyton (Austen Clayton) “Eurasianet” portalı üçün yazır.

Bu il 26-28 apreldə keçirilən yarış artıq dördüncü dəfədir baş tutur. “Formula-1” və yerli təşkilatçı “Baku City Circuit” şirkəti arasında əldə olunan yeni müqavilənin şərtlərinə əsasən, yarışlar ən azı 2023-cü il də daxil olmaqla, hər il keçiriləcək.

Ancaq tədbir Bakı sakinlərinə ilk növbədə narahatlıq gətirir. Fevral ayından trasların keçdiyi küçələr xoşagəlməz maneələr və beton baryerlərlə haşiyələnir. Yarışdan öncə şəhərin mərkəzinin böyük bir hissəsi son hazırlıq işləri üçün düz bir həftəlik bağlanır.

Etirazlar daha çox internetdə səslənir. Amma tədbirdən əvvəl şəhər bələdiyyəsinin çoxlu sayda sahibsiz iti kütləvi şəkildə məhv etməsi ilə bağlı şayiələr administrasiya binasının qarşısında aprelin 22-i etiraz aksiyasının keçirilməsinə səbəb olub.

İctimaiyyətin yarışla bağlı məyusluğu onun maliyyə aspektlərinin qeyri-şəffaflığından dolayı daha da artır. “Baku City Circiut” şirkətinə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov başçılıq edir. Müqavilənin təfərrüatları açıqlanmır, amma Rusiyanın “Kommersant” qəzeti tərəfindən dərc edilən materialda deyilir ki, Azərbaycanın bu ilki yarışa xərclədiyi vəsait təxminən 60 milyon dollar təşkil edib.

“Baku City Circuit” şirkətinin ötən il “Pricewaterhouse Coopers” agentliyinə sifariş etdiyi auditor yoxlamalarının məlumatına əsasən, yarış yerli iqtisadiyyata 270 milyondan çox əlavə gəlir gətirib, bunun 164 milyonu turistlər və iştirakçıların “birbaşa xərcləri” hesabına ödənilib.

Məqalədə deyilir ki, yerli əhalinin bir qismi sevinc hissi ilə müşayiət olunan həyəcan keçirsə də, azərbaycanlıların çoxu şəxsən yarışda iştirak edə bilmir. Ən ucuz bilet, bir günlük buraxılış 80 manatdır (təxminən 47 dollar). Bu da orta aylı əmək haqqı 540 manat civarında olan ölkənin vətəndaşları üçün yolverilməz israfçılıqdır. Rəsmilər iddia edir ki, biletlərin çoxunu xarici azarkeşlər alır, özü də biletlər ən çox Rusiya, Böyük Britaniya və Monakoda satılır.

Bu arada Bakı sakinləri hələ bir neçə ildə yarışlara dözməli olacaqlar. “Heç kim bizdən soruşmayıb ki, [müqavilənin] uzadılmasını istəyirik ya yox, - yerli sakinlərdən biri deyir. – Ona görə çox güman, mümkün olduğu qədər bütün bunlardan həzz almağa çalışacağıq”.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR