ALMAN SƏFİRİ ABŞ-DA PUTİNİN LAYİHƏSİNİN LOBBİÇİLİYİNİ EDİR

“Almaniya səfirliyi ABŞ-ın paytaxtı Vaşinqtonda Rusiyanın enerji və xarici siyasətinin lobbi fəaliyyəti ilə məşğul olur?”, - Almaniyanın “Bild” tabloidi bu məsələni aydınlaşdırmağa çalışır.

Məqalə müəllifi Yulian Röpke (Julian Röpcke) xəbər verir ki, Almaniyanın ABŞ-dakı səfiri Emili Haber (Emily Haber) cari ilin mart ayında Konqresin bir neçə nümayəndəsinə məktub yazıb: “Yüksək vəzifəli almaniyalı diplomat iki səhifəlik məktubda Amerikanın Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirməsini tənqid edir və senatorları Rusiyanın Almaniyadakı iki şirkətini bundan sonra cərimə sanksiyaları ilə təhdid etməməyə çağırıb”.

Aydındır ki, Haber bu sözləri yazanda Almaniya hökumətinin adından danışır: “Hal-hazırda Konqresin enerji sahəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşmasından dolayı narahatıq”. Onun sözlərinə görə, bu sanksiyalar Avropanın enerji təhlükəsizliyinə təsir edə bilər. Məktubda deyilir ki, Almaniya və Avropanın rifahı üçün maye təbii qaz (MTQ) kimi, Rusiyanın boru qazına da ehtiyac var.

Haber amerikalı senatorlara ünvanladığı məktubda bildirir ki, Rusiyanın “Novatek” şirkətinə qarşı sanksiyalar Almaniyada MTQ idxalının icazəsinə mənfi təsir göstərə və MTQ idxal həcminin artırılmasına əhəmiyyətli dərəcədə mane ola bilər.

Röpke bunun ABŞ-ın ünvanına aşkar təhdid olduğunu qeyd edir. Belə ki, Vaşinqton MTQ-nin gələcək ixracı üçün Almaniyada terminalların yaradılmasında çox maraqlıdır.

Almaniyalı diplomatın fikrincə, Avropa ölkələri qaz direktivinə düzəlişlər etməklə ABŞ-ın “Şimal axını – 2” ilə bağlı “vahid Avropa mövqeyi”nin işlənib hazırlanması haqqında tələbini yerinə yetiriblər. “ABŞ-ın bu layihəyə qarşı istənilən əlavə tədbirləri əks effekt verəcək və enerji təhlükəsizliyi siyasəti kimi bu cür mürəkkəb məsələdə Avropanın birliyini sarsıdacaq”, - Haber məktubunda bəyan edir.

Bu zaman nəşr “Şimal axını – 2” ilə bağlı Avropa birliyinin şübhəli olduğunu qeyd edir. Litvanın Almaniyadakı səfiri Darius Semaşka (Darius Semashka) “Bild” tabloidinə açıqlamasında bildirib: “Avropa qaz direktivi ilə bağlı kompromisdən sonra da bizim mövqeyimiz dəyişməz olaraq qalır. Litva hökuməti “Şimal axını – 2” layihəsini dəstəkləmir. Biz hesab edirik ki, bu layihə Avropanın maraqlarına cavab vermir”.  

Latviyanın Almaniyadakı səfiri də hökumətinin əvvəlki qaydada “Şimal axını – 2” layihəsinə qarşı çıxdığını təsdiqləyib.

“Konqresin əməkdaşı nəşrlə söhbətində bildirib ki, oradakılar almaniyalı səfirin məktubundan “şoka düşüblər”, çünki səfir həmin məktubda birmənalı şəkildə Rusiyanın tərəfini tutur”, - məqalənin sonunda deyilir.

Mənbə: BILD

FİKRİNİ BİLDİR