AVROPALILAR RUS NEFTİNDƏN NİYƏ İMTİNA EDİRLƏR?

Avropa ölkələri rus qazını Qərbə nəql edən “Drujba” neft kəməri ilə tranziti kütləvi şəkildə dayandırıb. Tədarükü ilk dayandıran şirkət Belarusda yerləşən “Qomeltransneft Drujba” olub. Ukrayna magistral neft kəmərləri sisteminin operatoru “Ukrtransneft” də aprelin 25-i analoji addım atıb. Bu barədə “DW” portalının müxbiri Yekaterina Venkina məlumat verir.

Söhbət Belarusun Mozır şəhərindən Slovakiyaya uzanan cənub sahəsinin Ukraynaya düşən hissəsindən gedir. Şirkət bildirib ki, rus nefti keyfiyyət göstəricilərinə cavab vermədiyi təqdirdə onun tədarükünü dayandırmaq haqları var.

Slovakiyadan Almaniyaya

“Reuters” agentliyinin məlumatına əsasən, neft kəmərinin şimal hissəsinin keçdiyi Polşa və Almaniya, eyni zamanda Slovakiya da tranziti dayandırıb. Agentlik bildirib ki, Polşanın ən böyük neft emalı şirkəti “PKN Orlen” və Qdanskda yerləşən “Grupa Lotos S.A.” şirkəti üçün əsas tədarük marşrutu faktiki olaraq dayandırılıb.

Bundan başqa, Fransanın “Total”, Britaniya və İrlandiyanın “Royal Dutch Shell”, İtaliyanın “Eni” və Rusiyanın “Rosneft” şirkətlərinə məxsus Almaniyanın neft emalı zavodları da xam mal almayacaq.

Beləliklə, “Naviny.by” internet portalının Belarusun “Belneftxim” dövlət konserninə istinadən verdiyi məlumata əsasən, “Drujba” boru kəməri ilə rus neftinin tranziti tamamilə dayandırılıb.

Alıcılar “Urals”-dan imtina edir

Aprelin 25-i məlum olub ki, rus neftinin daha bir istiqamətdə qəbulu dayandırılıb. Söhbət Rusiya Federasiyasının şimal-qərbində yerləşən Ust-Luqa limanından gedir. “Reuters” agentliyi qeyd edir ki, burada alıcılar xam malın tərkibində təbii xlorun miqdarı ciddi şəkildə yüksəldiyi üçün  “Urals” markalı neftin daxil olan partiyalarını boşaltmaqdan imtina ediblər. İki mənbənin məlumatına görə, Rusiya Energetika Nazirliyi neftin keyfiyyət problemi ilə əlaqədar cümə axşamı təcili iclas keçirib.

Bir müddət əvvəl Rusiyanın araşdırma aparan “Transneft” şirkəti aydınlaşdırıb ki, Belarusun neft emalı zavodlarına nəql edilən xam malın çirklənmə mənbəyi neft kəmərinin Samara-Uneça sahəsində yerləşir. Şirkət bir neçə gün ərzində vəziyyəti düzəltməlidir.

Mənbə: DW

FİKRİNİ BİLDİR