ABŞ, "OPEC" VƏ RUSİYA NEFTİ HARA DAŞIYACAQ?

ABŞ-ın İran neftinə son zərbəsindən bir öncəki həmləsində ən böyük neft alıcıları Çin, Hindistan, Yaponiya, Türkiyə və daha dörd ölkəyə müvəqqəti olaraq güzəşt edilməsi, İrandan neft tədarükünə icazə verilməsi qiymətlərə əhəmiyyətli təzyiq göstərməmişdi. Ancaq ABŞ-ın İran neftinə son zərbəsi təkcə qara qızılın qiymətinə təsir etməyəcək. Dünyanın yeni ticarət müharibəsində bir neçə yerə ayrılması gündəlikdə duran məsələdir. Söhbət hətta Fars körfəzindəki çaxnaşmadan gedir. Bu barədə Güntay Şimşek “Habertürk” portalında dərc olunan məqaləsində yazır.

Məqalə müəllifi xatırladır ki, Çin ABŞ-ın təzyiqinə baxmayaraq, İran ilə ticarəti davam etdirəcəyini bildirib. Neftin qiyməti yüksələcəyi üçün Rusiya hadisələr qarşısında səssiz qalıb. Türkiyə kimi qonşu ölkələr və İranla ticarət əlaqələri olan dövlətlər ilk dəfə bu hadisələrin təsirini öz üzərlərində hiss ediblər. Beləliklə, ABŞ-ın qərarı qarşısında səssiz qalanlar, AB kimi həll yolu axtaranlar və kəskin reaksiya verənlərdən ibarət yeni bloklar yaranacaq.

“OPEC” təşkilatında bütün hasilatın üçdə biri İranın qatı düşməni Səudiyyə Ərəbistanının payına düşür. Ona ABŞ-ın “ehtiyat təkəri” də demək olar. Amma Səudiyyə Ərəbistanının BƏƏ ilə birlikdə İranla Hörmüz boğazı kimi bir problemi var.

“OPEC” və Rusiya ilə yanaşı ən böyük neft istehsalçısı ABŞ onsuz da baş verən hadisələrin əsas qəhrəmanıdır. “Brent” markalı neftin bir bareli 80 dollara, “WTI” markalı neftin bir bareli isə 70 dollara yaxınlaşır.

Ağ Evin 8 ölkəyə verilən güzəştlərin ləğv edilməsi ilə bağlı bəyanatından sonra meydana çıxan bu mənzərə eyni zamanda yeni hadisələrin başlanğıcını qoyur. Müəllif bundan sonra daha sərt mübahisələrin olacağını proqnozlaşdırır.

“ABŞ prezidenti Donald Trampın (Donald Trump) İranın neft ixracını sıfırlamağa və rejimi əsas gəlir mənbəyindən məhrum etməyə yönələn qərarı iqtisadi və siyasi baxımından bir çox ölkəyə təsir edəcək. Təxmin edə biləcəyimiz yeni vəziyyət ortaya çıxaracaq. Rusiyanın “S-400” hava hücumundan müdafiə sisteminə qarşılıq ABŞ-ın “F-35” qırıcılarının Türkiyəyə tədarükünü dayandırmaq təhdidi, Aralıq dənizində enerji müharibəsinə əlavə olaraq İran da bizim üçün ən qızğın məsələlərdən birinə çevrilir”, - Güntay Şimşek sonda vurğulayır.

Mənbə: HABER TÜRK

FİKRİNİ BİLDİR