TRAMPIN İRANA SANKSİYALARINDAN ƏN ÇOX PUTİN YARARLANACAQ

Donald Trampın (Donald Trump) İran neftinin ixracına qoyduğu qadağadan ən çox Vladimir Putinlə Rusiya yararlanacaq. Bu, Mayk Pompeonun (Mike Pompeo) məsələ ilə bağlı bazar ertəsi səsləndirdiyi rəsmi bəyanatdan öncə də məlum idi. Cari ildə artıq 44% artan xam neft qiymətləri daha 3% bahalanıb. “CNN” televiziya kanalının müxbiri Devid Andelman (David Andelman) bu haqda yazır.

Bazar ertəsi Pompeo İrana qarşı neft sanksiyalarıyla əlaqədar güzəşt tətbiq edilən ölkələrə verilən imtiyazların tam ləğv ediləcəyini elan edib. “Məqsədimiz İran neftinin bu ölkərə idxalını tam dayandırmaqdır. Ötən il yeddi ölkəyə, habelə Tayvana güzəşt tətbiq etdik. Belə bir addımı ona görə atdıq ki, müttəfiqlərimiz və tərəfdaşlarımız İran neftini almaq məcburiyyətindən xilas olsunlar, həmçinin bazarda yaxşı təklif təmin edilsin. Bu gün bütün bu güzəştlərin ləğv edildiyini elan edirəm, onları tamamilə sıfırlayırıq”.

Bütün bunlar İrana təzyiq göstərməyə, onu terror əməliyyatlarını maliyyələşdirmək imkanından məhrum etməyə çalışan Trampın səylərinin bir hissəsidir. Tramp həmçinin Barak Obama (Barack Obama) tərəfindən imzalanan sazişə də zərbə vurmaq istəyir. Sənədin məqsədi İranı nüvə proqramını dayandırmağa məcbur etmək olub. Ona görə indi Tramp administrasiyası birtərəfli qaydada elan edib ki, ABŞ bundan sonra Çin, Yaponiya, Cənubi Koreya və digər beş ölkənin İrandan neft almasına icazə verməyəcək.

Pompeonun bəyanatından bir neçə dəqiqə sonra neft qiymətləri aktiv şəkildə yuxarı qalxmağa başlayıb. Bu isə dünyanın ən böyük neft tədarükçülərindən biri olan Rusiya üçün yaxşı xəbərdir. Ancaq bu, bir sıra ölkə, o cümlədən Amerikada avtomobil sahibləri üçün elə də yaxşı xəbər deyil. Onlar bu yay benzini daha yüksək qiymətə almalı olacaqlar. Tramp ən aktiv şəkildə Çin liderlərinin rəğbətini qazanmağa çalışır. Belə ki, ona lazım olan ticarət sazişini imzalamaq üçün Trampın Çin rəhbərlərinə ehtiyacı var. Amma Pekin onun fərmanını müsbət qarşılamayıb.

Neft ixracı Rusiyanın məhsul ixracının təxminən 60%-ni və rus ÜDM-nin isə 30%-ni təşkil edir. Ona görə neft qiymətinin bir dollar artması dərhal ölkənin maliyyə vəziyyətinə yaxşı təsir edir. Yaranmış vəziyyət Krımın ilhaqına, həmçinin Şərqi Ukraynada davam edən hərbi aktivliyə görə ABŞ və Qərbi Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların da təsirini azaltmaya bilməz.

Möhkəm dollar baxımından bu təsir daha aydındır. Rusiya sutkada təxminən 11 milyon barel neft hasil edir. Bu səbəbdən neft qiymətinin bir dollar artması ölkə büdcəsinə ən azı illik 4 milyard dollar gəlir gətirir. Üstəlik, ötən il Rusiyada ÜDM-in təxminən 3%-ni təşkil edən, proqnozları üstələyən büdcə profisiti yaranıb. Bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin ötən ilin dekabr ayı “Financial Times” qəzetinə verdiyi müsahibədə deyib. Rusiya üçün bu, 2011-ci ildən sonra ilk belə büdcədir.

Məlum olub ki, neft qiymətləri əslində antoqonist oyundan ibarət azsaylı iqtisadi indikatorlardan biridir. ABŞ-ın həyata keçirdiyi tədbirlər nəticəsində neft qiymətinin bahalaşması, gözlənildiyi kimi, rus iqtisadiyyatına təsir edəcək, ancaq eyni zamanda sutkada təxminən 13 milyon barel neft istehlak edən Amerikanın Qərbi Avropadakı müttəfiqlərinə böyük yük olacaq.

Bundan başqa, Avropaya neft tədarükü ilə müqayisədə xüsusilə Aralıq dənizinin qarşı sahilində Liviyada davam edən iğtişaşlar ucbatından başqa real təhlükələr mövcuddur. Bu yaxınlaradək, iğtişaşlardan əvvəl Liviya sutkada 1,2 milyon barel neft istehsal edib və bu məhsulun böyük bir hissəsi Avropa üçün nəzərdə tutulub. İğtişaşların ölkədəki neft hasilatını yarıbayarı azaldacağına dair əndişələr mövcuddur. Nəticədə neftin qiyməti artacaq. Bu da rus iqtisadiyyatına növbəti faydalı stimul olacaq.

Ən azından, Trampın bazar ertəsi tətbiq etdiyi embarqonun əsas qurbanları Rusiya ilə Çin bu günə artıq bir neçə ildir hazırlaşır. Ötən ilin yanvar ayında ikinci rus-çin neft kəməri istismara verilib. Bu kəmər Çinin sürətlə artan neft tələbatını ödəmək üçün Rusiyanın imkanlarını artırıb. Bu, həmçinin qara qızılın İrandan ən yaxın Çin limanına bahalı tankerlərlə daşınmasından daha ucuz tədarük üsuludur.

Ancaq bazar ertəsi İrana təzyiqin artırılması ilə bağlı elan edilən qərarın yuxarıda qeyd edilən qısamüddətli təsirləri ilə yanaşı üfüqdə görünən bəzi gözlənilməz amillərə təsiri də var. Bura xüsusilə neft sahəsində çalışan böyük beynəlmiləl şirkətlərin onların investisiya qərarına böyük təsir göstərən tələb-təkliflə bağlı dəyişiklikləri dəqiq proqnozlaşdırmaq qabiliyyəti, habelə istehsalına böyük miqdarda neftin gərək olduğu məhsulların qiymətinin müəyyənləşdirilməsi daxildir. Hələ Amerika vətəndaşlarının yay tətilinə yola düşərkən yanacaq doldurma məntəqələrində benzinin qiymətinin qəfildən artmasını demirik.

Nəhayət, ABŞ-ın növbəti dəfə daha geniş mənada dünya neft bazarı və bu göstəricilərdən asılı olan beynəlxalq iqtisadiyyatın trayektoriyasını diktə etməsindən dolayı yaranan çoxlu geosiyasi nəticələr də mövcuddur. 

Hazırkı prezident kursu reallaşdırmadan öncə bütün bu məsələləri götür-qoy etməli idi. Belə ki, həmin kursdan imtina etmək onu reallaşdırmaqdan daha çətin ola bilər.

Mənbə: CNN

FİKRİNİ BİLDİR