AVROPALILAR "ŞİMAL AXINI-2" LAYİHƏSİ İLƏ NECƏ MANİPULYASİYA EDİRLƏR?

Artıq son həftələr Brüssel çevrələrində aydın olub ki, “Şimal axını – 2” mövzusu gündəlikdən çıxarılmayıb. Bu yaxınlarda AB-nin qaz direktivinə edilən düzəlişlər layihənin rəqiblərinin planlarına rəğmən qaz kəmərinin tikintisini dayandırmayıb. Bu barədə Almaniyanın "Hadelsblatt" qəzeti yazır.

“Ona görə mübahisə yaxın illərdə də davam edəcək, - jurnalist Yeva Fişer (Eva Fischer) qeyd edir. – Məsələn, Polşa energetika üzrə avrokomissar vəzifəsinə öz namizədini irəli sürə bilər, həmin şəxs də rus qazını AB-ə buraxmamaq üçün işləri davam etdirə bilər”.

“Qaz kəmərinin tikinti layihəsini dayandırmaq üçün Varşava bəlkə də səy göstərmək məcburiyyətində qalmayacaq. Belə ki, Avropa Xalq Partiyasının Avropa Komissiyasının rəhbəri postuna əsas namizədi Manfred Veber (Manfred Weber) seçiləcəyi təqdirdə “Şimal axını – 2” layihəsini dayandırmaq niyyətində olduğunu təsdiqləyib”, - məqalədə deyilir.

Veber Polşanın “Polska Times” nəşrinə verdiyi müsahibədə bildirib ki, layihə AB-nin maraqlarına cavab vermədiyi üçün ona qarşı çıxır. O, martda “Newsweek Polska” qəzetinə müsahibəsində də oxşar fikir səsləndirib. Veber bildirib ki, Avropa Komissiyasının prezidenti postunda həmin vaxtadək layihənin nə qədər irəliləməsindən asılı olmayaraq tikinti işlərini dayandırmaq üçün əlindən gələni edəcək.

Beləliklə, Fişer qeyd edir ki, XSİ deputatının mövqeyi Almaniya hökumətinin və onun öz partiyasının mövqeyinə ziddir. Həmkarları da Veberi məhz buna görə tənqid edir. Əvəzində o, Polşa, Baltikyanı ölkələr və “Şimal axını – 2” layihəsinə qarşı çıxan digər dövlətlərdə xal toplayır.

“Veber Avropa Komissiyasının prezidenti olmaq üçün həm Avropa Parlamentində, həm də Avropa Şurasında üstünlük əldə etməlidir. Sonuncunu etmək xüsusilə çətin olacaq, çünki bəzi AB ölkələri – məsələn, Fransa, İtaliya və Niderland XSİ-dən olan bu siyasətçiyə inanmır. Veber, çox güman, AB rəhbərləri arasında şans əldə etmək üçün Şərqi və Şimali Avropa dövlətləri ilə yaxşı münasibətlərə bel bağlayacaq. Və “Şimal axını – 2” bunun üçün əlverişli mövzudur”, - nəşr bildirir.

“AB ölkələrinin çoxu narahatdır ki, AB-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə Birlik Rusiya qazından asılı vəziyyətə düşəcək. Onların fikrincə, qaz kəməri mavi yanacağın tranzitindən gəlir əldə edən tərəfdaş Ukraynaya da ziyan vurur. Üstəlik, Polşa və Baltikyanı ölkələr də böyük qonşularından qorxurlar. Beləliklə, hələ uzun müddət “Şimal axını – 2” layihəsi ilə bağlı yekun qərar verilməyəcək”, - məqalənin sonunda deyilir.

Mənbə: HANDELSBLATT

FİKRİNİ BİLDİR