ALMANLAR VƏTƏNLƏRİNİ-AZƏRBAYCANI UNUTMAYIBLAR

Bu ay Göygöl özünün 200 illik yubileyini qeyd edir. Bura son dərəcə qeyri-adi Azərbaycan şəhəridir. Şəhərin əsası 1819-cu ildə Pasxa zamanı Almaniyadan olan dini miqrantlar tərəfindən qoyulub və Helenendorf adlandırılıb. Tomas Marsden (Thomas Marsden) “Eurasianet.org” saytında Qafqaz almanlarından yazır.

Məqalədə deyilir ki, alman mühacirlər Napoleon müharibələrindən sonra siyasi və iqtisadi çətinliklərə görə Almaniyanı tərk ediblər. Onlar dünyanın sonu yaxınlaşdıqca Şərqdə sığınacaq və dini azadlıq tapacaqlarına inanıblar. Bundan başqa, rus imperatoru I Aleksandr onlara rüsum, o cümlədən kredit təklif edib, vergi və hərbi xidmətdən azad edib.

Növbəti yüz il ərzində Qafqazda yeni-yeni kəndlər meydana çıxıb. XX əsrin əvvəlində Gürcüstan və Azərbaycanda on ikidən çox alman kəndi əsasən şərabçılığın hesabına inkişaf edib.

Ancaq 1917-ci il rus inqilabından və İosif Stalinin hakimiyyətə gəlişindən sonra Qafqaz almanları – Kaukasiendeutsche – çətin vəziyyətə düşüb. Hitlerin 1941-ci ilin iyununda SSRİ-ə hücumu həlledici məqam olub: Stalin onları potensial kollaborasionist elan edib.

1941-ci ilin oktyabrında almanları qatarlara yığıb, Qazaxıstan çöllərinə töküblər. Eyni hadisə müharibə dövründə digər sovet azlıqlarının başına da gəlib. Berlində yerləşən Humbolt Universitetinin “EuroKaukAsia” layihəsinin məlumatına əsasən, təxminən 46 min alman zorla Qafqazdan köçürülüb.

Çoxları, xüsusilə qocalar və körpələr soyuqdan, aclıqdan ölüb. Helenendorf şəhərinin keçmiş sakini Angelika Hummel (Angelica Hummel) xatırlayır ki, onlara yalnız müvəqqəti köçürüldüklərini deyiblər. Ancaq onların evlərinə başqa insanlar yerləşdirilib, köçürülən almanlara isə heç bir kompensasiya ödənilməyib. Onların çətinliyi bununla da bitməyib. Çalışa bilən kişi və qadınları SSRİ-nin Komi, Ural, Çelyabinsk və Karaqanda kimi uzaq bölgələrinə əmək düşərgələrinə göndəriblər, uşaqlar və yaşlı vətəndaşlar isə çöllərin arasında itib batan kəndlərdə qalıblar.

Stalin vəfat etdikdən sonra da onların Qafqaza qayıtmasına icazə verməyiblər. Yalnız on ildən sonra deportasiyalar haqqında açıq şəkildə danışmağa icazə verilib, ancaq o vaxtadək yaşlı nəsil artıq buranı tərk edib, cavan nəslin isə geri qayıtmağa səbəbi olmayıb.

Dəmir pərdə düşdükdən və SSRİ dağıldıqdan sonra yeni böyük miqrasiya dalğası başlayıb: Qafqazdan olan almanlar da daxil olmaqla, rusdilli almanlar yenidən birləşən Almaniyaya, əcdadlarının vətəninə axışmağa başlayıblar. Bu proses bu günədək davam edir.

Lakin bura da hər şey asan olmayıb. Qafqazda doğulan və orada alman məktəblərində təhsil alan, daha sonra Qazaxıstana deportasiya edilən və Sibirdə işləməyə göndərilənlər üçün ev anlayışı bir qədər dəyişkən anlayış olub. Amma hazırda Baden-Vyurtemberqdə yaşayan 93 yaşlı Angelika Hummel evinin harada olduğunu dəqiq bilir: “Vətənim Qafqazdır, başqa heç bir yer deyil”,- deyə o bildirib, halbuki Qafqazda cəmi 16 il yaşayıb.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR