TRAMPIN YENİ FƏRMANI NEFT-QAZ SƏNAYESİNƏ NECƏ TƏSİR EDƏCƏK?

Aprelin 10-u prezident Donald Tramp (Donald Trump) iki fərman imzalayıb. Prezident bu fərmanların boru kəmərlərinin inşasını və istehsalın, eləcə də neft və təbii qazın ştatlar arasında, ölkə xaricində nəqliyyat həcminin artırılması üçün nəzərdə tutulan digər layihələrin icrasını sürətləndirəcəyinə imkan yaradacağını düşünür. Bu barədə Klifford Krauss (Clifford Krauss) "The New York Times" qəzeti üçün yazır.

Müəllif qeyd edir ki, bu tədbirlərin ABŞ-ın neft-qaz sənayesindəki vəziyyətə dərhal təsir edəcəyi gözlənilmir. Bundan başqa ştat rəhbərlikləri, çox güman, həmin layihələr üzərində nəzarəti qoruyub saxlamaq üçün prezidentin fərmanlarını şikayət etməyə çalışacaqlar.

Həmin fərmanlardan birinə əsasən, ayrı-ayrı ştatların suyun təmizliyi haqqında qanunun tələblərini əsas gətirərək boru kəməri layihələrini rədd etməsini çətinləşdirmək üçün ABŞ Ətraf Mühitin Müdafiəsi Agentliyi qaydaları nəzərdən keçirməli və sərtləşdirməli olacaq.

Enerji resurslarının layın hidropartlayış metodu ilə hasilatına qarşı çıxan Nyu York ştatının qubernatoru Endryu Kuomo (Andrew M. Cuomo) şimal-şərqdəki ştatları Pensilvaniyadakı “Marsellus” şist qaz yatağı ilə birləşdirməli olan qaz kəmərinin inşasını dayandırıb. 

İkinci fərmana əsasən, beynəlxalq qaz kəmərlərinin tikintisini təsdiqləmək hüququ ABŞ-ın dövlət katibindən prezidentə keçir. Nəticədə Dövlət Departamenti tərəfindən həyata keçirilən uzun yoxlama prosesi ləğv edilir. Məqsəd Kanadanı Meksika körfəzindəki neft emalı müəssisələri ilə birləşdirən “Keystone XL” neft kəməri kimi layihələrin icrasını sürətləndirməkdir.

Jurnalist xatırladır ki, mart ayında Tramp “Keystone XL” kəmərinin tikintisinə icazə verib. Belə ki, bu layihə Obama (Barack Obama) administrasiyasının işə başladığı vaxtdan bəri daim təxirə salınıb. Ancaq ətraf mühit müdafiəçiləri, fermerlər və yerli amerikalılardan ibarət bir neçə qrup məhkəmələrdə bu layihəyə etiraz etməyə davam edir.

Çərşənbə günü imzalanan fərmanları tənqid etməyə tələsən ətraf mühit müdafiəçiləri bu sənədlərin iqlim dəyişikliyini sürətləndirəcəyini bildiriblər.

“Prezident Tramp bütün Amerikada ətraf mühitə təhlükə kəsb edən enerji layihələrinin icrasını sürətləndirməyə çalışaraq ictimaiyyətin səsini boğur, - Təbii resursların mühafizəsi şurasının hüquqşünası Coşua Akselrod (Joshua Axelrod) deyib. – “Keystone XL” kimi boru kəmərləri suyumuza, fermalarımıza və iqlimimizə təhlükə kəsb edir”.

Ancaq neft müəssisələrinin rəhbərləri bildiriblər ki, bu iki fərman Vaşinqtonun Venesuela və İrandan neft ixracını məhdudlaşdırmağa çalışdığı bir vaxtda benzinin qiymətini kifayət qədər aşağı səviyyədə saxlamağa ona imkan yaradacaq.

Texasdan keçəcək yeni boru kəmərlərinin tikintisi federal hökumətin müdaxiləsi  olmadan 2019-cu ilin sonu və 2020-ci ildə başa çatacaq.

Bir çox enerji şirkəti neft hasilatı prosesində ayrılan təbii qazı yandırıb, çünki qazın qiyməti o qədər aşağı olub ki, onu bazara tədarük etmək üçün boru kəməri tikmək sərf etməyib.

Çərşənbə axşamı imzalanan fərmanlara əsasən, federal məmurlar layihələrin reallaşdırılmasını sürətləndirməyə imkan yaradan tədbirlər həyata keçirməlidir. Məsələn, prezident əmək naziri Aleksandr Akostanı (Alexander Acosta) enerji layihələrinin, o cümlədən universitet və pensiya fondlarının neft, qaz və kömür şirkətlərindən investisiya götürmək qərarlarını maliyyələşdirmək üçün baryerləri nəzərdən keçirməyə məcbur edir. Tramp, həmçinin Nəqliyyat nazirliyinin maye təbii qazın dəmiryolla və avtomobil çənlərində daşınmasına icazə verməsi üçün göstəriş verib.

FİKRİNİ BİLDİR