AZƏRBAYCAN JURNALİSTLƏRİ SUSDURAN ÖLKƏLƏR SIRASINDADIR

“Sərhədsiz Reportyorlar” təşkilatının hər il müxtəlif ölkələrdə mətbuat və jurnalistlərin vəziyyəti haqqında təqdim etdiyi hesabatda deyilir ki, ən çox jurnalist və blogger Rusiya ilə Azərbaycanda məhkum edilib. Araşdırmaçı jurnalistlərin vəziyyəti xüsusilə ağırdır. Bu barədə “Exo Kavkaza” portalı xəbər verir.

Bu il Azərbaycan ənənəvi mətbuat azadlığı reytinqində ötən illə müqayisədə daha üç pillə geriləyərək 166-cı yerdə qərarlaşıb. “Turan” informasiya agentliyinin məlumatına əsasən, Azərbaycandakı vəziyyətlə bağlı hesabat “sonuncu tənqid səslərinə qarşı elan edilməmiş müharibə” adlandırılıb.

“Plüralizmin bütün formalarını yatırtmaqla kifayətlənməyən ölkə hakimiyyəti 2014-cü ildən qalan tənqidçilərə qarşı amansız müharibə aparır. Təzyiqə, zorakılığa, şantaj və ya rüşvətə boyun əyməyən müstəqil jurnalist və bloggerləri absurd əsaslarla həbsə atırlar. “Ayna” və “Azadlıq” kimi müstəqil KİV-lər iqtisadi cəhətdən susdurulub. “Azadlıq Radiosu” kimi başqa mənbələr zorla bağlanılıb”, - hesabatda deyilir.

Nüfuzlu QHT qeyd edir ki, ölkənin əsas müstəqil xəbər saytları bloklanıb. İqtidar sürgündə müqavimət göstərməyə davam edənləri susdurmaq üçün onların Azərbaycanda olan ailə üzvlərini təqdib edir.

“Rejim Gürcüstan və Ukraynada jurnalistləri saxlamaqla, həmçinin Fransada iddia irəli sürməklə repressiyalarını ixrac edib. Bu rejim ancaq təzyiq altında geri çəkilir və heç vaxt olmadığı kimi belə bir təzyiqə ehtiyac var”, - hesabatda deyilir.

Mənbə: EXO KAFKAZA

FİKRİNİ BİLDİR