NİYƏ AZƏRBAYCANLILAR TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ÜSTÜNLÜK VERİRLƏR?

Son beş ildə Türkiyə universitetlərində təhsil alan azərbaycanlıların sayı demək olar üç dəfə artıb. Türkiyə hökumətinin statistik məlumatlarına əsasən, əgər 2013-2014-cü tədris ilində Türkiyənin ali təhsil müəssisələrində 6177 nəfər azərbaycanlı tələbə oxuyurdusa, 2017-2018-ci ildə bu rəqəm 15545 nəfərə çatıb. Bu da ümumilikdə azərbaycanlı tələbələrin onda bir hissəsini təşkil edir. Ostin Kleyton (Austin Clayton) “Eurasinet” portalında dərc olunan məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışır.

İlk növbədə azərbaycanlı tələbələri Türkiyədə aşağı təhsil haqqı və yüksək təhsil keyfiyyəti cəlb edir. Türkiyədə bir semestr üçün təhsil haqqı orta hesabla 1000 dollar təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm iki-üç dəfə çox ola bilər. Geniş yayılmış fikrə əsasən, Türkiyədə təhsilin keyfiyyəti Azərbaycanda verilən təhsilin keyfiyyətindən yüksəkdir.

Məqalədə deyilir ki, dillərin oxşarlığına görə azərbaycanlı tələbələrə türk dilini mənimsəmək müqayisədə daha rahat gəlir. Son vaxtlaradək xaricdə təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramından maliyyə yardımı alıb. Bu qurum hər il yüzlərlə tələbəni nəinki Türkiyəyə, Avropa və Şimali Amerikaya göndərib. Ancaq 2015-ci ildə iqtisadi böhranın ən qızğın çağında proqram dayandırılıb.

Bakıda fəaliyyət göstərən, təhsil məsələləri ilə bağlı məsləhət xidməti verən “CELT Colleges” şirkətinin xaricdə təhsil proqramının rəhbəri Baba Kərimli deyir ki, azərbaycanlılar çox vaxt Türkiyədəki təhsil haqqının öhdəsindən özləri gələ bilir. “Hərçənd [azərbaycanlılar] xarici tələbələrdir və xarici tələbələr üçün nəzərdə tutulan tarif üzrə təhsil haqqı ödəməlidir, Avropa, üstəlik Amerikadakı universitetlərlə müqayisədə [Türkiyədə] təhsil haqqı xeyli əlçatandır”, - deyə Kərimli bildirib.

Tələbələrin Türkiyəyə axını onsuz da Azərbaycanda müşahidə edilən böyük beyin axınını daha da dərinləşdirə bilər. Elmi fəaliyyətlə məşğul olmağa hazırlaşan İstanbul Yeditepe Universitetinin tələbəsi Elçin Azərbaycanda karyera qurmağa böyük ümid bəsləmir.

Lakin Türkiyə də iqtisadi problemlərlə üzləşib. Kərimlinin sözlərinə görə, Avropada və ya bir başqa yerdə yüksək maaşlı iş tapmağa ümid edən ordakı tələbələri də məyusluq gözləyir. “Əsas əngəl ondan ibarətdir ki, tələbələrə qərb ölkələrində, xüsusilə “Google”, “IBM” və başqa transmilli şirkətlərdə iş tapmaq çətindir”.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR