SUDANDA HƏRBİ ÇEVRİLİŞ OLDUĞU BİLDİRİLİR

Aprelin 11-i Sudanın paytaxtı Xartumda ölkənin ordu komandanlığının iclası keçirilib. Bu görüşdə prezident Ömər əl-Bəşir (Omar al-Bashir) və onun köməkçilərini hakimiyyətdən uzaqlaşdırmaq, habelə hökuməti istefaya göndərmək barədə qərar qəbul edilib. Bu barədə “RBC” agentliyi “Al-Hadath” və “Al-Mayadeen” telekanallarına istinadən xəbər verir.

Hazırda paytaxt küçələrində çoxlu sayda hərbçi var. Bir qrup hərbçi Sudanın ikinci böyük şəhəri Omdurmanda dövlət teleradio  şirkətinin binasına daxil olub. “Al-Hadath” telekanalının məlumatına əsasən, komandanlıq efirdə vacib elan etməyə hazırlaşır. Yaxın zamanda həmin bəyanatın yayılacağına söz verilib.

Mənbələrin məlumatına əsasən, hazırda paytaxtın hava limanı bağlıdır, ölkənin sabiq müdafiə naziri, Xartum vilayətinin hazırkı qubernatoru Abdül Rahim Məhəmməd Hüseyn (Abdel Rahim Mohammed Hussein) həbs edilib. Prezidentin mühafizəçisi və keçmiş vitse-prezident Əli Osman Tahanın (Ali Osman Taha) həbsi haqqında məlumat var.

Agentlik xatırladır ki, ötən ilin dekabrından Sudanda kütləvi etirazlar başlayıb. Əvvəlcə mitinq iştirakçıları çörəyin qiymətinin ucuzlaşmasına nail ola biliblər. Ardınca fəallar 1993-cü ildən hakimiyyətdə olan ölkə prezidentinin istefasını tələb etməyə başlayıblar. Fevralın ortasında dövlət başçısı nazirlər kabinetini buraxıb və ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan edib.

Aprelin 6-dan əl-Bəşirin Xartumdakı iqamətgahı qarşısında oturaq tətil keçir. Sudanın hüquq mühafizə orqanları, xüsusi xidmət orqanlarının agentləri və kəşfiyyatçılar etirazçıları dağıtmağa çalışsalar da, ordu bu cəhdlərə mane olub. “Reuters” agentliyinin məlumatına əsasən, qarşıdurmada güc strukturlarının əməkdaşları da daxil olmaqla, ən azı 20 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

2008-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi əl-Bəşiri qərbi Sudan bölgəsi Darfurdakı münaqişə zamanı soyqırımda ittiham edərək onun həbsinə order verib. 2015-ci ilin aprelində əl-Bəşir növbəti səlahiyyət müddətinə yenidən prezident seçilib. Həmin vaxt 94%-dən çox səs toplayıb.

Mənbə: RBC

FİKRİNİ BİLDİR