AZƏRBAYCAN: HAKİMİYYƏT NARAZILIĞA NECƏ REAKSİYA VERİR

Qiymət artımı və iqtisadi tənəzzülün Azərbaycan vətəndaşlarına neqativ təsirini azaltmağa çalışan ölkə rəhbərliyi əmək haqları və pensiyaları artırır. Analitiklər xəbərdarlıq edir ki, iqtisadi yardım paketinin bir hissəsi olan bu islahatlar inflyasiyasının güclənməsinə gətirib çıxara bilər. Bu barədə “Eurasianet” portalının Türkiyə və Qafqaz departamentinin direktoru Coşua Kuçera (Joshua Kucera) yazır.

Müəllif qeyd edir ki, ölkə neft qiymətlərinin aşağı düşdüyü və Mərkəzi Bankın milli valyutanın kəskin devalvasiyasına getdiyi 2015-2016-cı il iqtisadi böhranından hələ də özünə gələ bilməyib.

Aprelin 1-i minimal aylıq pensiya 73 manatdan 130 manata (təxminən 43 dollardan 76 dollara) qaldırılıb. Bir ay əvvəl isə hökumət aylıq minimal əmək haqqını 130 manatdan 180 manatadək(təxminən 76 dollardan 180 dollara) artırıb. Bundan başqa, son iki ay ərzində hökumət manatın dəyər itirməsindən zərər çəkən borclu vətəndaşlara kompensasiya ödəcəyinə, habelə Ermənistanla müharibədə həlak olanların ailələrinin vaxtı keçmiş borclarını ödəməkdə onlara kömək edəcəyinə söz verib.

Azərbaycan qonşu ölkələrdən geri qalmağa davam edir. Belə bir vəziyyətdə yüksək inflyasiya müşahidə edilir. Asiya İnkişaf Bankının məlumatına əsasən, ötən il Azərbaycanda ÜDM-in artım səviyyəsi 1,7% təşkil edərək, Qafqaz və Mərkəzi Asiyada ən aşağı göstərici olub. Bank 2019-cü il üçün regionda ən aşağı göstərici – 2%-lik artım proqnozlaşdırır.

“Fitch Solutions” araşdırma şirkəti Azərbaycanın gələcəyini bir qədər optimist şəkildə görür: cari ildə 2,5%, gələn ildə isə 2,9%-lik ÜDM artımı proqnozlaşdırır. Şirkətin 13 mart tarixli bəyanatında deyilir ki, “proqnozlardan birinə əsasən, artım böhrandan əvvəlki səviyyədən aşağı olacaq, bu da ölkənin inkişaf etmiş Avropa dövlətlərinə yaxınlaşması üçün lazım olan səviyyədən aşağıdır”.

İqtisadiyyat naziri “Eurasianet” portalının suallarını cavablandırmaqdan imtina edib.

Hökumət bəyanatlarında hal-hazırda tətbiq edilən iqtisadi yardım paketlərini ötən il dördüncü dəfə prezident postuna seçildikdən sonra İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar proqramının bir hissəsi olduğunu deyir. Hökumət xüsusilə vergi sisteminin təkmilləşdirilməsi və icbari tibbi sığorta proqramının həyata keçirilməsi ilə bağlı islahat planı elan etsə də, müşahidəçilər qeyd edir ki, bu islahatlar qeyri-müntəzəm aparılır.

“Dövlət həkimlərə ayda 200 manat pul verir, sonra isə onlardan pulsuz tibbi xidmət tələb edir, - Bakıdakı qərb səfirliklərindən birinin əməkdaşı anonimlik şərti daxilində sayta açıqlamasında deyib. – Bundan heç nə alınmayacaq”.

Müəllif qeyd edir ki, beləliklə, hökumətin ən nəzərə çarpan addımı sosial ödənişlərin artırılmasıdır.

Prezident iddia edir ki, bu ödəmələr vergi sistemi də daxil olmaqla, keçirilən islahatlar sayəsində əldə olunan büdcə gəlirlərinin hesabına maliyyələşir.

Lakin əmək haqlarının artırılması kompensasiya etməli olduğu inflyasiyanı tezləşdirə bilər. Təkcə minimal əmək haqlarının artırılmasına hökumət bu il büdcəyə 335 milyon manat (197 milyon dollar) ayırıb. Hərçənd iqtisadçı Qubad İbadoğlunun hesablamalarına əsasən, bütün yardım paketi dövlətə üç dəfə baha başa gələcək. Amma əmək haqları və pensiyaların artırılması bu il üçün nəzərdə tutulan büdcə planlarında yer almayıb.

Kuçera yazır ki, bu ödəmələr hökumət vətəndaşların narazılığına daha çox reaksiya verməyə başlayanda meydana çıxır. Yanvarda sosial şəbəkələrdəki hiddətli şərhlərdən sonra hökumət ölkənin ikinci ən böyük şəhəri Gəncəyə dəmiryol biletlərinin qiymətini ucuzlaşdırıb. Tanınmış bloggerin həbs müddətinin uzadılmasına cəhd edilərkən gözlənilməyən genişmiqyaslı ictimai reaksiyadan sonra ondan ittihamlar götürülüb, sonra isə daha 50 nəfər siyasi məhbus azad edilib.

Ancaq bu 50 nəfərdən biri əfv fərmanından cəmi 2 həftə sonra yenidən həbs edilib.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR