PUTİNİ QARABAĞDA NƏ NARAHAT EDİR?

Rusiya prezidenti Vladimir Putin ötən gün Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib, bu gün isə Azərbaycan prezidenti İlham Əliyevlə danışıb. Kremlin məlumatına əsasən, o, Ermənistan-Azərbaycan dialoqunda Rusiyanın dəstəyini qeyd edib. Bu barədə “lragir.am” saytının köşə yazarı Naira Ayrumyan xəbər verir.

Kreml Paşinyanla danışıqlar haqqında hətta yazıb ki, guya Ermənistanın baş naziri dəstəyinə görə Putinə təşəkkür edib, hərçənd Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında minnətdarlıq məsələsi öz əksini tapmayıb.

Bununla belə, məqalə müəllifi Rusiyanın israrla dəstək təklif etdiyini yazır. Rusiya Minsk qrupunun həmsdərlərindən biridirsə, onun hansı “ayrı” dəstəyindən söz gedə bilər?

Ermənistanda inqilabdan sonra keçən bir il ərzində Rusiyanın təşəbbüsü ilə Paşinyan və Əliyev iki dəfə görüş keçirib. Onlardan biri Düşənbədə baş tutub, kifayət qədər müsbət nəticələnib. Görünür, Rusiya dəstək kimi məhz bunu – atəşkəs rejimini təklif edib. Bir şərtlə ki, hər iki tərəf Moskvanın zəmanətini qəbul edəcək.

Atəşkəs rejimi uzun müddətdir davam edir. Onda Rusiyanın yeni təminatına nə ehtiyac var? Moskva Paşinyanla Əliyevin bundan sonra da Düşənbədə əldə olunan razılığa əməl edəcəyinə şübhə edir? Yoxsa Rusiya yeni həll elementlərinin meydana çıxmasından ehtiyatlanır? Putini yenidən Qarabağ probleminin həllinə müraciət etməyə nə vadar edib?

Ermənistanın Vyana gündəliyində və Dağlıq Qarabağda müqavimət mexanizmlərinin yerləşdirilməsində israr edəcəyinə söz verməsi onu narahat edib? Rusiyalı analitiklər bu mexanizmləri sülhməramlı missiyaya alternativ adlandırır. Rusiya Dağlıq Qarabağ münaqişə zonasına sülhməramlılarını yerləşdirməkdə maraqlıdırsa, onda burada “başqalarının” nəzarət mexanizmlərinin meydana çıxmasına yol verə bilməz.

Dağlıq Qarabağda 2016-cı il aprel ssenarisinin təkrarlanacağına dair Moskvanın əlində məlumat var, yoxsa belə bir ssenari Moskva ilə birlikdə hazırlanır? Bir sıra əlamətə görə bu cür ssenarinin mümkün olduğunu ehtimal etmək olar. Məsələn, Ermənistanın müdafiə naziri David Tonoyan Bakıya xəbərdarlıq edib ki, yeni müharibə itirilmiş yeni ərazilərə səbəb olacaq. Yəni, yeni müharibə olacağı təqdirdə, Ermənistan üç il əvvəl olduğu kimi dayanmayacaq. Məsələn, bu gün general Vardan Balayan etiraf edib ki, müharibənin beşinci günü atəşkəs imzalanmasaydı, 2016-cı ilin aprel ayında itirilən əraziləri geri qaytarmaq mümkün idi.

Bundan başqa, xüsusi bəyanatla çıxış edən “Dağlıq Qarabağ Xarici İşlər Nazirliyi" bu müraciətində müdafiə hüququnu əsaslandırıb, azadlıq və müstəqilliyini müdafiə etməkdə qətiyyətli olduğunu təsdiqləyib.

Bu zaman Azərbaycan hava hücumundan müdafiə təlimləri keçirib. Əməliyyatlarda döyüş atışlarını icra edən hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hədəflərini məhv etmək tapşırığını yerinə yetiriblər.

Rusiya Daxili İşlər Nazirliyi gözlənilmədən Ermənistanı İŞİD döyüşçülərinin geri qayıda biləcəyi ölkələr siyahısına daxil edib. Ermənistan Milli Təhlükəsizlik Xidməti dərhal cavab verib ki, İrəvan tərəfdaşları ilə birgə terror təhlükəsi ilə mübarizə aparır. Bununla eyham vurmaq istəyiblər ki, İrəvanda döyüşçülər meydana çıxsa, buna görə Rusiya xüsusi xidmət orqanları məsuliyyət daşıyacaq.

Moskvanın narahatlığına nə səbəb olub? Müəllif xatırladır ki, AB-nin Paşinyan və Əliyevin Vyana görüşü ilə bağlı bəyanatında narahatlıq gözə dəymir. Və bu bəyanat humanitar sahədə müəyyən addımlardan xəbər verir. “AB humanitar sahədə Vyanada əldə olunan və 2019-cu il yanvarın 16-ı xarici işlər nazirlərinin Parisdə razılığa gəldiyi addımların işlənib hazırlanmasını səbirsizliklə gözləyir”, - bəyanatda deyilir.

Mənbə: LRAGIR

FİKRİNİ BİLDİR