MERKEL PARTİYA LİDERLİYİNDƏN GEDİR

Angela Merkelə (Angela Merkel) təzyiq son bir neçə ayda daha da artıb. Son damcı bazar ertəsi Gessendə baş tutan seçkilər olub. Merkel bazar ertəsi Xristian Demokratik İttifaqının (XDİ) lider postundan istefa verməyə hazırlaşdığını bəyan edib. Bu addım 13 illik Merkel dövrünün sonunun başlanğıcı deməkdir. Qay Çazan (Guy Chazan) Böyük Britaniyanın “Financial Times” qəzeti üçün yazır.

Bu, mərkəzi alman torpağı Gessendə keçirilən seçkilərdən sonra baş verib. Belə ki, seçki nəticəsində XDİ-nin payı 11 faiz azalıb. Bu da son 19 il ərzində regionu idarə edən partiyaya ciddi zərbə olub.

Merkel kansler postunda qalacaq. Amma müddəti bitənədək hökuməti idarə etmək şansı kəskin azalıb.

Hətta bazar günü aydın olub ki, Merkelə təzyiq çox ciddi ola bilər. XDİ-ni təmsil edən səhiyyə naziri və partiyanın sağ cəbhəsindən aparıcı fiqur Yens Şpan (Jens Spahn) bildirib ki, partiyanın dekabrda baş tutacaq növbəti konfransında “keçmiş güclərini necə geri qaytaracaqlarına dair” dəqiq plan irəli sürməlidirlər.

İctimai rəy sorğularına əsasən, hazırda seçicilərin təxminən 25%-i partiyanı dəstəkləyir. Bu, cəmi 5 il əvvəl Bundestaq seçkilərində 41,5% səs toplayan təşkilat üçün fəlakət hesab edilir. “Bu, boş bir şey deyil, kiçik müvəffəqiyyətsizlikdən daha böyük bir şeydir, bu, struktur problemidir”, - o, deyib.

Partiyanın lideri postundan istefa Merkel hakimiyyəti ilə bağlı daxili narazılığı çölə çıxaracaq. Ancaq daha əhəmiyyətli məsələ bunun onun hökuməti üçün nə demək olmasıdır.

Geniş koalisiya artıq təhlükəli dərəcədə zəifdir. Onun hökumətdəki kiçik tərəfdaşları – sosial demokratlar görürlər ki, əvvəllər onların istinadgahı olan Gessen torpaqlarında keçirilən seçkilərin yekunlarına dair payları üçdə bir dəfə azalıb - 20%-dək aşağı düşüb.

Almaniya Sosial Demokrat Partiyasının (ASDP) zəifliyi koalisiyanın stabilliyinə təhlükə törədir. Sol mərkəzçi partiyanın düşərgələrindən biri heasb edir ki, gələcək məğlubiyyətlərdən yaxa qurtarmağın yeganə yolu hökumətdən getmək və müxalifət düşərgəsinə geri qayıtmaqdır. Digər düşərgə nümayəndələrinin fikrincə, getmək qalmaqdan daha dağıdıcı olacaq.

Əgər birinci qrup üstün olsa və ASDP koalisiyadan çıxsa, Merkel hökuməti dağılacaq və yeni seçkilər keçirmək lazım gələcək. Bu, 13 illik Merkel hakimiyyətinin avtomatik olaraq dərhal başa çatması demək olacaq.

Lakin, deyəsən, bazar günü ASDP-də praqmatiklər üstünlük əldə edib. Partiya lideri Andrea Nales (Andrea Nahles) hesab edir ki, hökumət “birlikdə idarə edib etməyəcəyimizlə bağlı bütün bu debatlara son qoyduğumuzu” açıq-aydın göstərməlidir. “İnsanlar bizdən nəticə gözləyirlər və onlar haqlıdırlar”.

Bununla belə, mesaj ondan ibarət olub ki, Berlində nəsə dəyişməlidir, özü də tez. Nales Gessendə ASDP-nin pis nəticələrinin günahını paytaxtda koalisiya düşərgəsində yaşanan narahatlıqda görüb. “Hökumətin vəziyyəti qəbuledilməzdir”, - o, deyib.

Nales əlavə edib ki, “seçicilərin maraqlarına cavab verən siyasət üçün dəqiq, məcburi yol  xəritəsi” təqdim etmək lazımdır. ASDP Merkelin partiyasına dəstəyini davam etdirib etdirməyəcəyinə bu planın reallaşma şəklindən asılı olaraq qərar verməlidir.

Hökumət həqiqətən çətin anlar yaşayıb. İyunda XDİ və ona yaxın Bavariya partiyası XSİ arasında sığınacağın verilməsi siyasəti ilə bağlı sərt münaqişə baş verib. Bu da koalisiyanı iflas həddinə çatdırıb.

Ardınca nazirlər daxili kəşfiyyat agentliyinin başçısı Hans-Georg Massenlə (Hans-Georg Maaßen) əlaqəli daha bir xoşagəlməz qalmaqala cəlb olunublar. Belə ki, ASDP Masseni sağçılara rəğbətdə şübhəli bilib.

“İlk altı ay ərzində geniş koalisiya əsl xəyal qırıqlığına çevrilib”, - ASDP-ni təmsil edən Aşağı Saksoniyanın baş naziri Stefan Vayl (Stefan Weil) deyib. Koalisiya bir neçə yaxşı qanun qəbul edib, amma “bu, bəzən sadəcə absurd səslənən müzakirələrin hər şeyə kölgə saldığı bir vaxtda kifayət deyil”.

“Normal siyasət belə bir şəraitdə mövcud ola bilməz”,- Vayl deyib. Onun sözlərinə görə, daxili qarışıqlıqda yeganə benefisiar Gessendə 13% səs toplayan “Almaniya üçün Alternativ” partiyası olub. Qeyd edək ki, bu, partiyanın 2013-cü ildə əldə etdiyi nəticədən 8% çoxdur. Hal-hazırda “Almaniya üçün Alternativ” ölkənin bütün 16 regional parlamentində təmsil olunur və Bundestaqda ən böyük müxalif partiya hesab edilir.

 

FİKRİNİ BİLDİR