DÜNYAYA NEFT LAZIMDIR, RUSİYA İSƏ ÖZ MAKSİMUMUNA ÇATIB

Vahid Ələkbərov kifayət qədər səmimi və açıqsözlü adamdır. Rusiyanın “Vedemosti” qəzetinə verdiyi müsahibədə ölkənin ikinci ən böyük neft şirkəti “Lukoyl”-un başçısı və ən iri səhmdarı açıq şəkildə prezident Vladimir Putinə etiraz edib. “Bildiyim qədərilə, rus şirkətləri, o cümlədən biz maksimal hasilata çatmışıq”, - Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda istehsalı əlavə olaraq artırmaq üçün layihələr yoxlanışdan keçir. Amma o, hasilatın hal-hazırda maksimuma çatdığını bildirib. Bu barədə “Die Welt” qəzetinin müxbiri Eduard Ştayner (Eduard Steiner) xəbər verir.

Putin başqa fikirdədir. O, Rusiya Enerji Konqresində bildirib ki, “lazım olduğu təqdirdə, hasilatı 200-300 min barel artıra bilərik”.

Onu Ələkbərova etiraz edən energetika naziri Aleksandr Novak da dəstəkləyib. Nazir hasilat ehtiyatının hələ olduğunu qeyd edib: “Proqnozlarımıza əsasən, hasilatı artıra bilərik. Özü də artıq stimullaşdırıcı tədbirlər hazırlanıb”.

Bazar çox həyəcan keçirir

İlk baxışda mənasız görünən bu mübahisə əslində çox böyük əhəmiyyətə malikdir. Axı Rusiya dünyanın ən böyük neft istehsalçısıdır. Novakın haqlı olaraq qeyd etdiyi kimi, bazar hazırda “çox həyəcan keçirir və çox emosionaldır”.

Son vaxtlar “Brent” markalı neftin qiymətinin yaxın aylar ərzində 100 barelə çatacağına dair proqnozlar səslənir. Nyu York Əmtəə Birjasının (NYMEX), Birja və Klirinq palatalarının Avropa Şəbəkəsinin (ICE) verdiyi məlumatlar da treyderlərin məhz buna ümid etdiyini göstərir.

Bu, artıq avqustun ortalarından neft bazarında baş verənlərin məntiqi davamı olardı: o vaxtdan bəri qiymət 20% artaraq 84,50 dollara çatıb. İlin əvvəlindən artım 27%, ötən ilin ortalarından isə 85% təşkil edib.

Amerika sanksiyaları əsas artım amillərindən biri kimi

Əlbəttə, nəzərə alsaq ki, qiymət 2014-cü ildəki 115 dollarlıq səviyyədən 2016-cı ilin yanvarında 30 dollara kimi düşüb, indiki artımı müəyyən mənada “geri sıçrayış” da adlandırmaq olar. Amma qiymətin bu qədər sürətlə artıb, sonra eyni sürətlə aşağı düşməsinin başqa vacib səbəbləri də var. Və bunlar istehsalçı ölkələri sevindirmir. İstehlakçılar barədə danışmağa isə heç ehtiyac yoxdur.

Belə ki, ABŞ prezidenti Donald Tramp (Donald Trump) dəfələrlə (sonuncu dəfə BMT Baş Assambleyasının sentyabr iclasında) “OPEC”-in hasilatı artırmaqdan imtina etməsindən şikayətlənib və təşkilatın yüksək qiymətlərə görə məsuliyyət daşıdığını bildirib.

O, bu məsələdə haqlı olsa da, qismən haqlıdır, çünki qiymət artımının əsas amillərindən biri ABŞ-ın İrana qarşı sanksiyalarıdır. “OPEC” 2016-cı ilin sonunda Rusiya və neft istehsalı ilə məşğul olan digər 10 ölkə ilə hasilatın məhdudlaşdırılması ilə bağlı razılığa gəlib, neftin qiymətinin aşağı düşməsinin qarşısını alsa da, yayın əvvəlindən bazarda müşahidə edilən yeni şəraiti nəzərə alsaq, hasilat yenidən bir qədər artıb.

Rusiyada neft istehsalı rekord həddə çatıb

Rusiya da hasilatı artırıb: Putinin sözlərinə görə, iyuldan sentyabr ayınadək sutkalıq artım təxminən 400 min barel təşkil edib. 2016-cı ildən hasilat sutkalıq hasilatı 300 min barel azaltdıqdan sonra bu o deməkdir ki, ölkə 2016-cı illə müqayisədə yataqlarından daha çox qara qızıl hasil edir.

Bu da hamısı deyil: sentyabrda hasilat sutkalıq 11,36 milyon bareli üstələyib və bu, Rusiya tarixi ərzində yeni mütləq rekord olub.

Putin və Novakın hasilat həcminin artırılmasının mümkünlüyü barədə danışması və “Reuters” agentliyinin iddiasına əsasən, dünyanın ikinci neft istehsalçısı Səudiyyə Ərəbistanı ilə müvafiq razılaşma əldə etməsi başlanğıcda bazar iştirakçılarını sakitləşdirmək cəhdi anlamına gələ bilər. Axı, istənilən halda, Putinin çıxışı zamanı neftin qiyməti qısa müddətlik 1% aşağı düşüb.

Bəs Rusiya real olaraq hasilatı nə zaman artıra biləcək və ümumiyyətlə artıra biləcəkmi? Ekspertlər və bazar iştirakçıları təxmin etməyə çətinlik çəkir. Rus enerji şirkətlərində çalışan bəzi menecerlər Ələkbərovun fikri ilə razıdırlar.

Qərbi Sibir yataqlarındakı ehtiyat tükənir

Bu, bir tərəfdən, 1960-1980-ci illər Qərbi Sibirdə, həmçinin Volqa və Ural arasında aşkarlanan yataqlardakı ehtiyatın tükənməsi ilə əlaqədardır. Qeyd edək ki, Rusiyada hasil edilən neftin əsas hissəsi bu yataqların payına düşür. Hasilatı isə yalnız yeni texnologiyaların köməyi ilə artırmaq mümkündür.

Digər tərəfdən, neft qiymətinin davamlı aşağı düşməsinə görə yeni yataqların işlənməsinə investisiyalar kəskin azalıb. Özü də qərb sanksiyaları dərin, arktik, həmçinin şist neftin hasilatı üçün xüsusi texnikanın Rusiyaya tədarükün edilməsinə qadağa nəzərdə tutur.

Və ən nəhayət, uzun illərdir neft və qaz hasilatı sahəsini müəyyən qaydaya salan qanunlar yoxdur. Bundan başqa, yataqların sahibləri sürəkli dəyişir (əslində, söhbət yenidən milliləşdirmədən gedir). Məsələn, “Trebs və Titov” arktik yatağı. Ələkbərov qeyd edib ki, bu, həmçinin investisiyaların azalmasına gətirib çıxarır.

Şirkətlər yeni qazma quyularına sərmayə yatırmalıdır

Energetika naziri Novak vəziyyətin həssas olduğunu başa düşür. (Hasilatın indiki 555 milyon tondan 570 milyon tonadək artırılması şərti daxilində) Rusiyada “neft piki” hələ 2021-ci ildə əldə olunacaq, bununla belə, müvafiq qanunlarda dəyişiklik olmasa, Qərbi Sibirdə hasilat 2035-ci ilədək 44% azalıb 310 milyon tona çatacaq. Nazir bu barədə sonuncu hökumət iclasında bildirib.

“ATON” maliyyə şirkətinin analitiki Aleksandr Kornilovun fikrincə, artıq “neft pikinə” çatılıb. O, “Vedomosti” qəzetinə müsahibəsində bildirib: “Müəssisələr hasilatdakı azalmanı kompensasiya etmək üçün yeni qazma quyularına əlavə investisiya etmək məcburiyyətində qalacaqlar”.

Rusiyanın “AKRA” reytinq agentliyinin analitiki Vasili Tanurkov öz növbəsində hesab edir ki, yeni quyulara çox ehtiyac var, amma qazma işlərinə çox vaxt gedir, ona görə Putinin hasilatın 300 min barel artırılması ilə bağlı proqnozları 2019-cu ilin ortalarından tez mümkün deyil. “Səudiyyə Ərəbistanından fərqli olaraq, bizim demək olar boş istehsal obyektimiz yoxdur”, - o, bildirib.

Mənbə: DIE WELT

FİKRİNİ BİLDİR