MAKRON TRAMPA MEYDAN OXUYUB

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) aprelin 25-i Qərb ölkələri liderlərini təcrid siyasətindən imtina etməyə və demokratiyanın müdafiəsinə qalxmağa çağırıb. Çağırışlar əsasən ABŞ prezidenti Donald Trampa (Donald Trump) ünvanlanıb, çünki o, ölkəsi üçün birinci variantı seçib. “Bu, kritik məqamdır”,- Makron ABŞ Konqresindəki çıxışı zamanı deyib. “Dünyaya qapıları bağlamaq dünyanın inkişafını dayandırmayacaq. Bu gün beynəlxalq ictimaiyyət öz oyununun qaydalarını müəyyənləşdirməlidir. II Dünya Müharibəsindən sonra birgə təyin etdiyimiz çoxillik prinsiplər əsasında XXI əsrin dünya nizamını qurmaq lazımdır”,- Fransa prezidenti deyib. Jurnalist Reyçel Ensli (Rachel Ansley) “Atlantic Council” nəşrində dərc olunan məqaləsində yazır.

Qətiyyət və cəsarət zamanıdır. Söhbət mövzusu dəyərlərimizdir

Makron motivasiya ifadələri və istehzalı tənqid formasında yeni dünya nizamını təsvir edib. Bu nizam beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardıma əsaslanmalıdır. “Biz yeni hərtərəfli münasibət sistemi ilə dünya nizamını möhkəmləndirə bilərik”,- o, əlavə edib. Bundan əvvəl Makron iki gün təkbətək görüşlər keçirib və Donald Trampla ictimaiyyət qarşısına çıxıb. Bu, Tramp administrasiyasının fəaliyyət göstərdiyi müddət ərzində Fransa prezidentinin ilk rəsmi səfəridir.

Bir sıra beynəlxalq məsələlərdə Fransa və ABŞ-ın fikirləri üst-üstə düşmür. Baxmayaraq ki, bir çox avropalı həmkarından fərqli olaraq, Makron Trampla səmimi münasibətləri qoruyub saxlaya bilir. Makron müraciətində Avropa və Birləşmiş Ştatların fikir ayrılığı yaşadığı məsələlərə toxunub. Ticarətdən iqlim dəyişikliyi və İranla nüvə sazişinə kimi bir sıra məsələlərlə bağlı fikrini dilə gətirib. O, bu müddəalar üzrə gələcək transatlantik əməkdaşlıq üçün “yol xəritəsini” şərh edib. “İkitərəfli və xüsusi münasibətlərdən kənar, Avropa və ABŞ əsrin qlobal problemlərinə qarşı durmalıdır, - Makron deyib. Ancaq transatlantik münasibətlərimizi var olan bir şey kimi qəbul etməməliyik”. “Konrekt addımlara və hər şeyin bizim əlimizdə olduğuna inanıram”, - o, iddia edib.

Fransa prezidenti yuxarıda göstərilən punktlar üzrə bunları deyib:

Ticarət

“Kommersiya müharibəsi dəyişikliyə (iqtisadi problemlərə) doğru cavab deyil. Bizə azad və ədalətli ticarət lazımdır”. Tramp ticarət kəsrini aradan qaldırmaq üçün martın 8-i Birləşmiş Ştatlara polad və alüminium ixracına böyük tariflər tətbiq edib. Bu, avropalı tərəfdaşların hiddətinə və cavab reaksiyası təhlükəsinə səbəb ola bilər. Amma Tramp tariflərin AB, Braziliya, Argentina, Avstraliya və Cənubi Koreyaya tətbiqini müvəqqəti məhdudlaşdırıb. Məhdudiyyətlərin vaxtı mayın 1-i qurtarır.

Makron xəbərdarlıq edib ki, “nəticə etibarilə, [kommersiya müharibəsinə görə] ticarət məhv olacaq və qiymətlər artacaq. Bunun bədəlini isə orta təbəqə ödəməli olacaq”. O, Trampın “Ümumdünya Ticarət Təşkilatı” vasitəsilə pozulan ticarət balansının ödənilməsi ilə bağlı razılığa gəlməsinə israr edib. “Bu qaydaları biz yaratmışıq – biz də onlara riayət etməliyik”,- Makron söyləyib.

İqlim dəyişikliyi

“Bu, çoxlarını narahat edir. Ekoloji təmiz iqtisadiyyata keçməliyik... Həqiqətin gözünə dik baxaq: ikinci planetimiz yoxdur”.  Ötən ilin dekabrı Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxmaq qərarını elan edəndə Makron dərhal cavab vermişdi. O, amerikalı alimləri Fransada iqlim dəyişikliyi probleminin həlli üzərində işləri davam etdirməyə dəvət etmişdi.

Birləşmiş Ştatlar Paris sazişini imzalamayan iki ölkədən biri olaraq qalır (ikincisi Venesueladır). Makron fikirayrılığını qəbul etsə də, Birləşmiş Ştatları müzakirələri bərpa etməyə və həllin tapılmasında iştirak etməyə çağırıb. “Bəli, bu məsələ ilə bağlı fikirayrılğı yaşayırıq, - o, bildirib. – Ancaq mənim üçün bu cür fikirayrılığı qısamüddətlidir. Nəticə etibarilə, eyni şəraitdə yaşamalı olacağıq”.

Makronun sözlərinə görə, “planetimizi yenidən qüdrətli etmək, mümkün olduğu qədər, Yer kürəsini mühafizə edən yeni iş yerləri yaratmaq üçün bu fikirayrılıqları arasında birlikdə işləməliyik”. “Birləşmiş Ştatların bir gün yenidən Paris sazişinə qoşulacağına əminəm”, - o, bildirib.

İran

“İrana gəldikdə, məqsədimiz aydındır. İranın heç vaxt nüvə silahı olmayacaq. Nə indi, nə də beş-on il sonra. Heç vaxt”. Makron aprelin 24-ü Trampla birgə mətbuat konfransında İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması üzrə yeni saziş planını təqdim edib. Tramp hələ seçki kampaniyası dövründən İranla mövcud nüvə sazişindən narazı olduğunu dilə gətirib. O, Hərtərəfli Birgə Fəaliyyət Planını “çox pis saziş” adlandırıb və onu ləğv edəcəyini bəyan edib. Bu təhdidlər Vaşinqton və Tehran arasında gərginliyi daha da artırıb.

“Düzdür, saziş bütün problemləri həll etmir,- Makron deyib. – Ancaq biz bu sənədi Birləşmiş Ştatların təşəbbüsü altında imzalamışıq. Ona görə ondan imtina etdiyimizi deyə bilmərik”. Prezident, həmçinin əlavə edib: “Fransa Hərtərəfli Birgə Fəaliyyət Planından imtina etməyəcək, çünki onu biz imzalamışıq”. Tramp yanvarın 12-i İranın saziş şərtlərinə əməl etdiyini təsdiqləyib və sanksiyalardan imtina edib. Amma bildirib ki, sənədin şərtlərinə dəyişiklik edilməsə, bu cür hərəkət təkrarlanmayacaq. Tramp şərtlərin əməl olunmasına əmin olmaq üçün ABŞ Konqresi və Avropa müttəfiqlərinə beş ay verib.

Bu müddət mayın 12-i başa çatacaq. Bütün tərəflər sual qarşısındadır: təkrar sanksiya dalğası olacaqmı, ABŞ sazişdən çıxacaqmı? Məlum deyil. Deyəsən, Makronun yeni sazişi bütün tərəflərin maraqlarını təmin edəcək. Onun planı 4 müddəaya əsaslanır: “mövcud sazişin mahiyyəti ondan ibarətdir ki.... əmin olmaq lazımdır ki, 2025-ci ildən sonra İranın nüvə aktivliyi olmayacaq. Regionda İran rejiminin hərbi təsirinin qarşısını almaq və ballistik aktivliyi izləmək lazımdır”. Makron təklif edilən yeni saziş çərçivəsində ABŞ-ı Hərtərəfli Birgə Fəaliyyə Planında qalmağa çağırıb. “Düşünürəm ki, bütün regiona aid olan bu saziş üzərində birgə işləyə bilərik. Bunun həm də bizim problemimiz olduğunu qeyd etmək doğru olardı”, - o, qeyd edib.

Şimali Koreya

“Nüvə bombası əldə etməyə çalışan ölkələrlə heç vaxt olmadığı kimi ehtiyatlı olmalıyıq. Fransa tamamilə Birləşmiş Ştatların mövqeyini dəstəkləyir: sanksiyalar və danışıqlar vasitəsilə Pxenyanı Koreya yarımadasında nüvə silahını məhv etməyə vadar etmək lazımdır”. Makron nəinki İran, həmçinin bütün dünyada nüvə silahlarının məhv edilməsi ilə bağlı ABŞ-ın bütün cəhdlərini birmənalı şəkildə dəstəkləyib.

Yaxın Şərq

“Qayda çatışmazlığının qələbə qazanmasına imkan verməyəcəyik. Yaxın Şərq münaqişəsi də başa çatacaq”. Makron bildirib ki, İranın nüvə fəaliyyətinin qarşısının alınması üzrə təklif edilən strategiya bütün regionun maraqlarını nəzərə almalıdır. “Yəmən, Livan, İraq və Suriyada da belə bir siyasət yürütmək lazımdır”,- o, qeyd edib. Ancaq “bu siyasət bizi heç vaxt Yaxın Şərqdə müharibəyə gətirib çıxarmamalıdır”, - Makron vurğulayıb.

Suriya

Makron xüsusilə Suriya münaqişəsinin nizamlanması məsələsində Amerika və Avropanın birgə fəaliyyətini qeyd edib. Aprelin 13-ü Fransa, Birləşmiş Krallıq və ABŞ Suriyada aviabazaya cavab zərbəsi endirib. Bu, Suriya rejiminin mülki vətəndaşlara kimyəvi hücumuna cavab olub. Ötən il Tramp artıq belə bir addıma əl atıb (onda da kimyəvi hücuma reaksiya çərçivəsində). Onda Birləşmiş Ştatlar təkbaşına fəaliyyət göstərib. Deməli, ABŞ ənənəvi siyasətindən uzaqlaşır.

“Kimyəvi silah istehsalı ilə məşğul olan obyektləri məhv etmək və beynəxalq ictimaiyyətin vəhdətini bərpa etmək üçün ABŞ, Fransa və Böyük Britaniya birgə hərəkətə keçib. Bu addım hərtərəfli münasibətlərin ən yaxşı təsdiqi olub,- Makron bildirib. – Faciəvi münaqişəyə son qoymaq üçün bu aksiyadan başqa, birlikdə humanitar...və siyasi qərarlar üzərində işləyəcəyik”.

Tramp Amerika qoşununu Suriyadan çıxarmağa söz verib, amma Makron münaqişənin tənzimlənməsi üçün gələcək hərbi əməkdaşlıq naminə onu tələsməməyə çağırıb. “Gəlin, əvvəlki səhvlərimizi təkrarlamayaq, - o, xəbərdaqlıq edib. – Heç vaxt olmadığı kimi qoşunlarımız indi ittifaq və ölkələr arasındakı dostluğun nə demək olduğunu çox yaxşı başa düşür”, - Makron deyib.

Sonda Makron dünya ictimaiyyətinin mühüm problemlərinin həllinə hərtərəfli yanaşma konsepsiyasını şərh edib. O, Birləşmiş Ştatları özünü ən yaxşı tərəfdən göstərməyə və dünya arenasında öz yerini tutmağa çağırıb: “Birləşmiş Ştatlar hərtərəfli münasibətlərin başlanğıcında dayanıb. Onları qoruyub saxlamağa kömək etməlisiniz”.  “Bütün bu problemlərlə toqquşanda borcumuz, məqsədimiz əməkdaşlıq edib, güclü, yeni multilateralizm qurmaqdır”,- o, vurğulayıb.

Yekun çağırışında Makron bildirib: “Bu gün biz tarixin səsini eşidirik. Qətiyyət və cəsarət zamanıdır. Söhbət mövzusu dəyərlərimizdir. Sevdiklərimiz təhlükə altındadır. Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Və birlikdə qələbə qazanacağıq”.

 

FİKRİNİ BİLDİR