NİKOL PAŞİNYAN NƏ İSTƏYİR?

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan “RBC”-ya verdiyi müsahibəsində Yerevan küçələrində yeni toqquşmalardan hansı yolla qaçmağa hazırlaşdığına, Rusiya səfiri ilə niyə görüşdüyünə və cari “məxməri inqilab” nəticəsində Ermənistanın KTMT-dən çıxıb çıxmayacağına aydınlıq gətirib.

Ermənistan parlamentinin spikeri Ara Babloyanın cümə axşamı verdiyi məlumata əsasən, parlament mayın 1-i baş nazirin təyin edilməsi məsələsinə baxacaq. “Yolk” fraksiyasının lideri Nikol Paşinyanın başçılığı altında etirazçılar ilk tələblərinə - keçmiş prezident Serj Sarkisyanın baş nazir postundan istefasına nail olduqdan sonra müxalifət məhz Paşinyanın hökumət başçısı postunu tutmasını istəyir.

Paşinyan “Respublika” partiyası və baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqlardan imtina edib.

Hələ də lideri Sarkisyan olan “Respublika” partiyası parlamentdə çoxluğa malikdir. Hakim koalisiyadan millətçi “Daşnaksütun” partiyası çıxsa belə, mandatlardan yarıdan çoxu (105-dən 58) onun əlindədir. Bu da, intizamlı səsvermədə fraksiya nümayəndəsinin baş nazir seçilməsinə kifayətdir.

“Yolk” artıq baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb, burada 9 deputat iştirak edir. Etirazçılara dəstəyini “Daşnaksütun” fraksiyası (7 deputat) və “Sarukyan” (31 deputat) blokuna daxil olan “Çiçəklənən Ermənistan”bildirib.

"Kim deyib ki, toqquşma olacaq"?

Danışıqlar  (Nikol Paşinyanla Karen Karapetyanın danışıqları aprelin 25-nə təyin edilmişdi – “RBC”.) baş tutmayıb. Bundan sonra vəziyyət gərginləşib, hökumətin güc metodlarından istifadə edəcəyi ehtimal olunur.

— Siz nədən danışırsınız?! Belə şey olmayacaq.

Bəs toqquşma baş versə?

— Olmayacaq. Kim dedi ki, toqquşma olacaq?

Yəni, olmayacağına təminat verirsiniz?

— Əminəm.

 “Başqa əhvalat”

Bu gün Rusiya səfiri ilə görüşmüsünüz. Bu görüş kimin təşəbbüsü ilə təşkil edilib? Görüşdə nələr müzakirə edilib?

— Mənim təşəbbüsüm ilə. Biz Ermənistandakı vəziyyəti müzakirə etdik. Bir çox məsələni müzakirə etdik, ən əsası, əlbəttə Rusiyanın vəziyyəti necə başa düşməsi və onun həll edilməsinə necə kömək edə biləcəyi olub.

Siyasi böhran uzanarsa, Ukrayna təcrübəsini nəzərə alsaq, Rusiya sizə görə əlverişsiz mövqe tuta bilərmi? Bununla bağlı əndişələriniz varmı?

— Ukrayna təcrübəsini nəzərə almaq istəmirəm, çünki bu, tamamilə başqa əhvalatdır. Məsələyə aydınlıq gətirmək istəyirəm (səfirlə görüşdə də söhbət bu barədə olub): bu hərəkat geosiyasi kontekstə malik deyil. Və bu, nə Rusiya, nə ABŞ, nə AB, nə İran, nə Gürcüstana qarşı hərəkat deyil. Bu, korrupsiyaya, qeyri-effektiv idarəçiliyə qarşı hərəkatdır və bu, sırf ölkə daxili hərəkatdır. Bəzi subyektlər Moskva ilə razılıq əsasında fəaliyyət göstərdiklərini göstərmək istəyirlər (söhbət Karen Karapetyandan gedir – “RBC”). Ancaq mən çox şadam ki, Rusiya rəsmiləri Ermənistanın daxili proseslərinə müdaxilə etmək niyyətində olmadıqlarını bildiriblər. Özü də burada geosiyasi kontekst və ümumiyyətlə anti-rusiya ab-havası yoxdur.

[Rusiya səfiri ilə] Dağlıq Qarabağı müzakirə etdiniz?

— Ətraflı olmasa da, bu mövzuya da toxunduq.

Bu, görüşdüyünüz ilk səfir olub?

— Xeyr, səhər AB-nin Ermənistandakı səfiri ilə görüşmüşəm və Rusiya səfiri ilə görüşdən sonra ABŞ səfiri ilə görüşmüşəm.

 

 

“Ermənistan strateji tərəfdaşlarının onun qarşısında hansı öhdəlikləri daşıdığını başa düşməlidir”

Avrasiya İqtisadi İttifaqında nələri düzəltmək lazımdır?

— Burada problem çoxdur. Ümid edirəm ki, bu problemləri sakit şəkildə və səbirlə müzakirə edəcəyik və bu sahədə heç bir böhran yaşanmayacaq.

Konkret heç nə demirsiniz.

— Bəli. Çünki bu, çox həssas mövzudur və biz çox ehtiyatlı olmalıyıq.

Zəhmət olmasa, bir daha izah edin: siz Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalmasını dəstəkləyirsinizmi və niyə?

— Heç vaxt Ermənistanın KTMT-ni tərk etməli olduğunu deməmişik. Biz demişik ki, Ermənistan strateji tərəfdaşlarının onun və onun strateji tərəfdaşları qarşısında konkret hansı öhdəliklərə malik olduğunu başa düşməlidir, çünki bu sahədə qarışıqlıq çoxdur. Biz hesab edirik ki, tələbləri və qarşılıqlı öhdəlikləri konkretləşdirmək lazımdır.

“Ticarət sistemini dəyişdirmək niyyətində deyilik”

Siyasi və iqtisadi islahatlar proqramınız necədir? Növbədənkənar parlament seçkilərinə kimi baş nazir olsanız, ilk növbədə təklif edəcəyiniz təşəbbüsləri səsləndirin.

— İqtisadi sahədə çox köhnə qərarlar və bəzi yeni ideyalar var. Köhnə qərar odur ki, Ermənistanda ümumiyyətlə heç bir monopoliya olmamalıdır. Çünki 20 min adda məhsul biznesmenlərin dar çevrəsi tərəfindən [Ermənistana] idxal edilir. Faktiki olaraq, belə bir işlə məşğul olmaq başqalarına qadağa edilib. “Carrefour” şirkəti şəkər ticarəti sahəsində dünyanın ən böyük şirkətlərindən biridir. Ancaq faktiki olaraq, “Carrefour”-a Ermənistana şəkər idxal etmək qadağa olunub. Ona və başqalarına bunu etməyə icazə vermək lazımdır və biz bunu mütləq edəcəyik. Həmçinin kölgə iqtisadiyyatını tamamilə məhv etmək üçün ticarət sistemində islahatlar keçirmək niyyətindəyik.

Hansı şəkildə?

— Rusiyada bonus kartlar fəaliyyət göstərir. Mağazalarda mal alanda bazarlıqdan gələn müəyyən faiz kartda balans kimi qalır. Biz Ermənistanın ödəmə sistemində - taksidə, mağazalarda, xidmət sahələrində - vahid bonus sistemi yaratmaq istəyirik. İl ərzində əldə olunan məhsulların müəyyən faizi açıq bank hesabınızda toplanacaq və istədiyiniz vaxt, bu vəsaiti çıxara biləcəksiniz. Bu, alıcının tranzaksiyaların qeydiyyatında maraqlı olması üçün lazımdır. Vergi orqanları bu tranzaksiyaları qeydə alacaq, müvafiq olaraq rüsum tutulacaq. Hesablamalarımıza əsasən, bu, il ərzində büdcənin 30%-lik artımına gətirib çıxara bilər. Bu da əmək haqlarının, pensiyaların və sairlərin artması deməkdir.

Ermənistan Rusiya biznesindən asılıdır. Xüsusilə, “Qazprom”-un törəmə şirkəti “Qazprom Armeniya” ölkənin daxili bazarına təbii qazın tədarükünü həyata keçirir. Bu asılılığı aradan qaldırmaq və məsələn, daxili bazarda reallaşmanı erməni şirkətlərinə həvalə etmək lazımdırmı?

— Ermənistanın daxili bazarında qaz qiymətlərinin necə formalaşacağına baxmaq lazımdır. Çünki xaricdə rus qazı həqiqətən qat-qat ucuzdur. Qaz istehlakçılara çatanda, qiymət iki dəfə artır. Və bu fakt şübhə doğurur. Bunun niyə baş verdiyinə aydınlıq gətirmək üçün işləyəcəyik və ümid edirəm ki, daxili bazarda qiymətləri aşağı salmaq üçün bəzi imkanlarımız olacaq.

 

Mənbə: RBC

FİKRİNİ BİLDİR