DİNC İNQİLAB PUTİNƏ DƏRS OLMALIDIR

2014-cü il Ukraynanın “ləyaqət inqilabı”na Rusiyanın kəskin reaksiyasından sonra heç kimin ağlına gəlməzdi ki, bütövlükdə Moskvaya dost kiçik ölkə Ermənistan öz inqilabını keçirməyə çalışacaq. Bununla belə, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan ölkəni iflic vəziyyətə salan kütləvi etirazlar nəticəsində istefa vermək məcburiyyətində qalıb. Leonid Berşidski (Leonid Bershidsky) “Bloomberg” üçün yazır.

Rusiya çətin ki müdaxilə etsin: etirazçılar sırf daxili siyasi motivlərdən irəli çıxdıqlarını vurğulamağa çalışıblar. Bununla belə, Sarkisyanın karyerasının sona çatması konstitutsiyada nəzərdə tutulan müddət başa çatdıqdan sonra da, çox güman, Rusiyaya rəhbərlik etmək imkanını nəzərdən keçirəcək başqa bir lideri də maraqlandırmalıdır. Söhbət Rusiya prezidenti Vladimir Putindən gedir.

10 il ərzində Sarkisyan Ermənistanın prezidenti olub. Ermənistan və Azərbaycan arasında mübahisə mövzusu olan Dağlıq Qarabağda doğulan Sarkisyan 1990-cı illərdə əvvəlcə separatçı regionun, sonra isə Ermənistanın müdafiə naziri olmaqla karyera pillələrində irəliləməyə başlayıb. Ölkə sakinlərinin əksəriyyəti üçün böyük əhəmiyyətə malik Qarabağ məsələsi 2008-ci il prezident seçkilərində onu qələbə ilə təmin edib. Prezident postunda Sarkisyan mürəkkəb siyasi oyun həyata keçirib, Rusiyanın Ermənistanda hərbi iştirakını genişləndirməsinə icazə verib. Eyni zamanda o, NATO ilə əməkdaşlıq edib, Putinin Avrasiya İqtisadi İttifaqına qoşulub və AB ilə tərəfdaşlıq sazişi imzalayıb. Rusiya və Qərb arasında balansı qoruya bilməyən Gürcüstan və Ukrayna liderlərindən fərqli olaraq, Sarkisyan Azərbaycandan başqa hamı ilə əməkdaşlıq etməyə hazır olub.

Ərazi mübahisəsi apardığı ölkə ilə hər tərəfdən əhatə edilmiş kiçik ölkə üçün geosiyasi baxımdan bu cür mövqe sərgiləmək məntiqli addım olsa da, Sarkisyan dövründə Ermənistan iqtisadi cəhətdən çiçəklənməyib. Ölkə 2009-cu il ÜDM-nin 14% aşağı düşməsindən sonra güclə özünə gəlib. Rusiya ilə güclü əlaqələr ləng iqtisadi artımın səbəblərindən biri olub, hərçənd Ermənistanın çox az alternativi olub. Ötən il ölkə iqtisadiyyatı 7,5% nəzərə çarpan artım nümayiş etdirib. Ancaq bu artım aşağı səviyyədən, 2016-cı il demək olar, sıfırlaşdığı səviyyədən başlayıb. İlin sonuna yaxın Ermənistan iqtisadiyyatı defilyasiya və zəif daxili tələbatla üzləşib. Hökumət daim büdcə kəsri ilə üzləşir, yoxsulluq səviyyəsi isə 16%-dən çoxdur.

Ermənistan yoxsul ölkədir: əhalinin 11,6% səviyyəsi yoxsulluq səviyyəsində - yəni gündəlik 3,20 dollara yaşayır, əhalinin aktiv təbəqəsi isə çoxdan emiqrasiya edib. BMT-nin ötən ilə olan məlumatına əsasən, Ermənistanda doğulan 900 min nəfər ölkə xaricində yaşadığı halda, ölkənin əhalisi 3 milyon nəfər təşkil edir (hələ Ermənistanın müstəqillik qazanmasından öncə formalaşan erməni diasporunun sayı təxminən 8 milyon nəfərdir). Emiqrantların doğmalarına göndərdiyi pul köçürmələri ölkə ÜDM-nin 14%-ni təşkil edir.

İmmiqrasiya narazılıq üçün özünəməxsus buraxılış klapanıdır, hökm sürən yoxsulluq isə Sarkisyanı əksər demokratik ölkələr üçün xarakterik olan sərhədləri aşaraq hakimiyyəti birləşdirməyə imkan yaradıb. Ermənistanda keçirilən seçkilərin çoxunu müşahidə edən ATƏT Sarkisyanın hakimiyyət dövründə seçicilərə hədə, təzyiq və onların səslərinin alınma hallarının olduğunu bildirib. Bundan başqa, Sarkisyan ölkədə hökm sürən korrupsiyanın öhdəsindən gələ bilməyib.

Ermənistan konstitutsiyasına əsasən, Sarkisyan yalnız iki səlahiyyət müddətində prezident potunu tuta bilərmiş və 2015-ci il o, guya ölkəni Avropa üsullu parlament respublikasına çevirmək üçün referendum keçirib. Bu halda partiyası seçkilərdə qələbə qazandığı təqdirdə, baş nazirin ölkəyə başçılıq edəcəyi nəzərdə tutulub. Referendum zamanı Sarkisyan baş nazir olmaq istəmədiyini iddia edib. Lakin ötən il Sarkisyanın Respublika partiyası parlament seçkilərində qələbə qazanıb, ötən həftə isə onun prezidentlik müddəti başa çatıb və onu baş nazir vəzifəsinə təyin ediblər.

Buna cavab olaraq 100 min vətəndaş Yerevanın mərkəzi meydanına çıxıb, son 20 il ərzində ən kütləvi mitinq təşkil edib. Eyvana çıxan minlərlə insan boş qazanlara vurmağa başlayıb. Bir çox əyalət şəhəri də etiraz dalğasına qoşulub. Ümumilikdə etirazlarda Ermənistan əhalisinin 20%-i iştirak edib. Aksiyaya karyerasına jurnalist kimi başlayan, sonradan deputat seçilən Nikol Paşinyan başçılıq edib. Gənclər etirazların hərəkətverici qüvvəsi olub: emiqrasiya və ölkəsində nələrisə dəyişmək arasında seçim qarşısında qalan tələbələr uzun müddətdən sonra ikinci variantı seçib.

Bazar günü Sarkisyan Paşinyanın “məxməri inqilab” adlandırdığı hərəkatı dayandırmaq ümidi ilə müxalifət lideri ilə görüşüb. Görüşdə Paşinyan Sarkisyandan istefa tələb etdikdə sonuncu inciyib, üç dəqiqədən sonra oranı tərk edib.

Aprelin 23-ü silahsız olsa da, uniformalı hərbçilər etirazçılara qoşulduqdan sonra kütləyə nəzarət edən və etirazçıları həbs edən polis təslim olub. Sarkisyan da təslim olmaq qərarına gəlib. “Nikol Paşinyan haqlı idi, - Sarkisyanın istefa bəyanatında bildirib. – Mən səhv etmişəm. Yaranmış vəziyyətin bir neçə həll yolu var, ancaq mən onlardan heç birinə getməyəcəm. Bu, mənlik deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri postunu tərk edirəm”.

Qarabağ münaqişəsində bərkimiş döyüşçü silahsız, dinc kütlənin təzyiqi qarşısında təslim olub. İstefadan sonra xalq bayram edib. Ukraynadakı vəziyyətdən fərqli olaraq, Rusiyanın müdaxilə edəcəyi gözlənilmir. Aprelin 19-u RF XİN nümayəndəsi Mariya Zaxarovadan Ermənistandakı etiraz aksiyaları ilə bağlı münasibətini soruşanda, o sadəcə “dost Ermənistanda vəziyyətin hüquq müstəvisində demokratik yolla tənzimlənəcəyinə” əmin olduğunu bildirib. Paşinyan bu sözləri Sarkisyanı dəstəkləməmək qərarı kimi şərh edib və çox güman, o, haqlı olub. Sarkisyanın istefa qərarını nəzərə alsaq, Ukrayna inqilabından sonra Moskvanın etdiyi kimi dövlət çevrilişindən danışmağa səbəb yoxdur. Bundan başqa, Qərbin müdaxilə etdiyini də söyləmək olmaz: etirazçılar Qərb dövlətlərinin heç birindən dəstək almayıblar. Paşinyan Ermənistanın Moskvanın iradəsinə tabe olduğunu söyləsə də, o, bu münasibətləri korlamayacaq, çünki Ermənistan Ukraynadan fərqli olaraq, Moskvaya müqavimət göstərmək üçün çox kiçik ölkədir və Yerevan 2008-ci il qonşu Gürcüstanın rus hərbçilərinin hücumu qarşısında tez bir zamanda təslim olduğunu çox yaxşı xatırlayır.

Ermənistan xalqının seçiminə müdaxilə etmək üçün heç bir səbəbi olmayan Putin yenə də özünün prezident karyerasının mümkün finalı haqqında düşünməlidir. Rusiya konstitutsiyasına əsasən, onun prezident karyerası 2024-cü ildə başa çatmalıdır. O, 2008-ci ildə etdiyi kimi Dmitri Medvedyevi prezident postuna əyləşdirib, baş nazir postunu tutmağa, həmçinin baş naziri Rusiyanın faktiki başçısı edəcək konstitutsiya dəyişikliklərinə nail ola bilər. Ermənilər Sarkisyan hakimiyyətindən yorulduğu kimi ruslar da onun hakimiyyətindən yorulsa, necə olacaq? Və onlar ermənilərdən nümunə götürüb, dinc, eyni zamanda çoxsaylı və qətiyyətli etirazlar keçirmək qərarına gəlsələr? Bu gün bu, demək olar qeyri-mümkün görünür, ancaq altı il uzun müddətdir və Rusiyanın iqtisadi inkişafının dəqiq planının olmadığını və dərindən kök salmış korrupsiyasını nəzərə alsaq, belə bir ehtimalı istisna etmək lazım deyil.

Mənbə: BLOOMBERG

FİKRİNİ BİLDİR