AŞPA AZƏRBAYCANIN KORRUPSİYA ƏMƏLLƏRİNİ TƏSDİQLƏDİ

Azərbaycanın AŞPA-dakı korrupsiya əməlləri Assambleya tərəfindən təsdiqlənib

AŞPA-da Azərbaycanın Assambleyada ölkə ilə bağlı qəbul edilən qərarlara təsir edə biləcək korrupsiya əməlləri təsdiqlənib. Bu barədə Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi, Avropa İnsan haqları Məhkəməsinin prezidenti, hadisənin aydınlaşması və günahkarların ifşa edilməsi məqsədilə yaradılan araşdırma qrupuna rəhbərlik edən Nikolas Bratza (Nicolas Bratza) məlumat verib. “Ukrinforma”portalının müxbiri AŞPA-ya istinadən xəbər verib.

“Araşdırma qrupu AŞPA-da Azərbaycanın maraqlarına xidmət edən şəxslərin olduğunu müəyyənləşdirib. AŞPA-nın bir neçə indiki və keçmiş üzvünün Assambleyanın etik standartlarına zidd hərəkət etdiyi aşkarlanıb”, - Bratza qeyd edib.

AŞPA prezidenti Mikele Nikolettinin (Michele Nicoletti) sözlərinə görə, hesabat ilk növbədə ona görə əhəmiyyətlidir ki, burada gələcəkdə bu cür hallara yol verilməməsi və yaranmış vəziyyətin yaxşılaşdırılmasına dair məsləhətlər yer alıb.

“Hesabatı ictimailəşdirmək qərarına gəlmişik, həmçinin həmin şəxslərə qarşı müvafiq qərarların qəbul edilməsi üçün Avropa Şurasının 47 üzv ölkəsinin milli parlament spikerlərinə  araşdırmanın nəticələri haqqında məlumat verəcəyik”, - AŞPA prezidenti bildirib.

Onun sözlərinə görə, hesabatda adları yer alanlara qarşı sanksiyalar tətbiq edilə bilər.

Sənəddə Azərbaycana həyata keçirilən səfərlər zamanı AŞPA üzvlərinə olunan qiymətli hədiyyələr xüsusilə vurğulanıb. Araşdırmanın nəticələrinə əsasən, bu hədiyyələrin bir qismi AŞPA qaydalarına uyğun deklarasiya edilib.

Məlumdur ki, ötən ilin yanvar ayında Assambleya AŞPA-nın bir neçə keçmiş və indiki üzvünə qarşı qaldırılmış “korrupsiya və maraqların təşviqi” iddialarını araşdırmaq üçün müstəqil orqan yaradıb. Bu gün 198 səhifədən ibarət hesabat dərc edilib.

Azərbaycan AŞPA-da “kürü diplomatiyasına” hələ 2001-ci ildən başlaya bilərmiş

Azərbaycanın AŞPA-dakı “kürü diplomatiyası” ölkə Avropa Şurasına üzv olduqdan dərhal sonra başlaya bilərmiş.

Bu barədə AŞPA daxilində korrupsiya iddialarını araşdıran müstəqil orqanın (ESI) hesabatında deyilir.

“ESI hesabatında ehtimal olunur ki, Azərbaycanın “kürü  diplomatiyası” 2001-ci il ölkə Avropa Şurasına qoşulduqdan dərhal sonra başlayıb. Bu diplomatiya 2003-cü il İlham Əliyev ölkə prezidenti seçildikdən sonra vüsət alıb və Azərbaycanın çiçəklənməsində böyük rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəməri (rəsmi olaraq 2006-cı il iyulda açılıb – red.) başa çatdıqdan sonra maksimum aktivləşib”, - sənəddə deyilir.

Hesabatda ehtimal olunur ki, Avropa Şurası Azərbaycanın “kürü diplomatiyasının” hədəfinə çevrilib və Assambleyada ölkə maraqlarının irəlilədilməsində öz rolunu oynayıb.

“İldə dörd dəfə hər sessiyanın Azərbaycanın Assambleyadakı 10 və ya 12 “əsas dostuna” və katibliyin daha üç və ya dörd üzvünə, ən azı, 0,4 kiloqramdan 0,6 kiloqramadək kürü təklif edilməsi yolu ilə AŞPA-da sistemli təsir artırmaq siyasəti mövcud olub”, - anonim mənbə hesabata istinadən qeyd edib.

Bundan başqa, sənəddə bildirilir ki, AŞPA üzvlərinin yay tətilləri zamanı konfranslarda, müxtəlif tədbirlərdə iştirak etməsi üçün Azərbaycana dəvət olunmaq təcrübəsi mövcud olub.

“Bakıda ən çox yayılmış hədiyyə 2 kiloqramlıq kürü olub”, - hesabatda deyilir.

Səfərlər, həmçinin qiymətli hədiyyələrlə, xüsusilə qızıl və gümüş əşyaları, bahalı xalçalar, kürü və pullarla müşayiət olunub.

 

Mənbə: UKRINFORM

FİKRİNİ BİLDİR