NİK VUYÇİÇİN HEKAYƏSİ

Avstraliyalı motivator, mesenat, yazıçı və müğənni Nikolas Ceyms Vuyçiç  (Nicholas James Vujicic) nadir irsi xəstəliklə doğulub. Onun anadangəlmə aşağı və yuxarı ətrafları olmayıb. Vuyçiç bu çatışmazlıqla yaşamağı öyrənib və məhdud imkanlı uşaqlara, gənclərə kömək etməyə başlayıb.

Nik Vuyçiçin həyat hekayəsi heyrət doğurur: bu, dünyaya hər iki əli və ayağı olmadan gələn, gənc, yaraşıqlı, həyatesevər bir kişinin həyat hekayəsidir. İndi o, uğur qazanıb və məşhurdur, gözəl bir qadınla evlidir və iki oğul atasıdır.

Onun həyatı başqa insanlara kömək edə biləcəyini və kömək etməli olduğunu başa düşdüyü an dəyişib. Vuyçiç ən yaxşı xristian vaizlərindən biri olub.

Əzmkarlıq

Nik Vuyçiç 1982-ci il Brisbendə serb emiqrantların – tibb bacısı Duşka Vuyçiç və pastor Boris Vuyçiçin ailəsində dünyaya gəlib. Anasının hamililəyi normal irəliləyib, lakin uşaq anadan əlsiz və ayaqsız doğulub. Nikdə təkcə iki barmaqla pəncənin bir hissəsi olub (onun köməyi ilə uşaq sonradan gəzməyi, yazmağı, hətta üzməyi öyrənib). Körpədə nadir xəstəlik – Tetra-Ameliya sindromunun aşkarlandığı məlum olub. Həmin xəstəliyin simptomlarından biri də aşağı və yuxarı ətrafın olmamasıdır. O vaxt bu xəstəlik barədə çox az şey məlum idi, üstəlik Tetra-Ameliya sindromlu uşaqlar çox vaxt doğulmadan ölürdü.

Nikin güclü, müdrik və onu sevən valideynləri olub. Onlar əsl xristian olduqları üçün qeyri-adi körpəni sınaq kimi qəbul ediblər. Onlar uşağa şikəst kimi xidmət göstərərək, onun fəaliyyətini məhdudlaşdırmağa çalışmayıblar. Əksinə, valideynləri onu həvəsləndirib, çox şey edə biləcəyinə inandırıblar. Onlar Nikə həmişə belə deyiblər: “Cəhd etməyənədək nəyə nail ola biləcəyini təsəvvür edə bilməzsən”.

Nik kömək üçün valideynlərinə, balaca qardaşı və ya bacısına müraciət edə bilsə də, hər şeyi özü öyrənməyə üstünlük verib. Xüsusi aparatların köməyi ilə özü özünə xidmət etməyi – duş qəbul etməyi, başını və dişlərini yumağı, kompyuter arxasında işləməyi, üzməyi öyrənib.

 

 

İndi o, serfinqlə məşğul olur, paraşütdən tullanır, balıq tutur, qolf oynayır, tramplindən tullanır və dayvinqlə məşğul olur. Nik hesab edir ki, çox vaxt imkanlarımızın fərqinə varmadan özümüz öz həyatımızı məhdudlaşdırırıq.

Məqsəd

Valideynləri Nikin şikəst uşaqlar üçün nəzərdə tutulan məktəbə deyil, adi məktəbə getməsində israr ediblər. Uşaq başqaları kimi olmadığını başa düşəndə mütəəssir olub. O, ağılsız yaşıdlarının istehzalarına dözməli, tənhalıq və depressiyadan keçməli olub. O, fikirləşib ki, niyə hamını sevən Tanrı onun belə doğulmasına imkan yaradıb, niyə Tanrı onun duaların eşidib, ona əl və ayaq vermir? Nikin bəzən ağlına intihar etmək də gəlib: 8 yaşında vannadakı suda özünü boğmaq istəyib, amma valideynlərinə olan sevgisi onun yolunu kəsib. Nik valideynlərinin onu nə qədər sevdiyini bildiyi üçün onların vicdan əzabı ilə yaşamasını istəməyib.

Daha ölüm barədə düşünməyib, onun beynini başqa fikirlər məşğul etməyə başlayıb: bu dünyaya niyə gəlib? Əsl məqsədi nədir? Anasının ona oxuduğu hekayə suallarına cavab tapmaqda ona kömək olub. Həmin hekayədə ağır xəstəliyə yoluxan, ancaq ümidsizliyə qapılmayıb, ona ehtiyacı olan başqa insanlara mənəvi yardım göstərən insandan bəhs edilib.

O, Tanrının səhv etmədiyini başa düşüb.  Tanrı ona görə insanları sınaqdan keçirir ki, bu sınağın öhdəsindən vicdanla gələnlər başqalarının həyatını inam, ümid və sevgi ilə doldursunlar.

Tanrıya etibar edib, ehtiyacı olanlara kömək etməyə başlayanda onun 15 yaşı olub: Nik məktəbdə xeyriyyəçilik və şikəstlərə yardım şurasının üzvü və başqanı seçilib.

Motivator

19 yaşında Niki tələbələrin qarşısında çıxış etməyə dəvət ediblər. Onun çıxışından artıq bir neçə dəqiqə sonra zalın yarısı ağlamağa başlayıb. Həyəcan içində səhnəyə bir qız çıxıb, Niki qucaqlayıb və onun sayəsində həyatının bundan sonra dəyişəcəyini deyib. “Mənə hələ heç kim bu vaxta qədər məni olduğum kimi sevdiyini deməyib. Sən mənim həyatımı xilas etdin”, - o, qız deyib. Bu hadisə Nikin öz təyinatını doğru dərk etdiyini bir daha təsdiqləyib. O, məqsədinin insanlara həyat sevinci və özlərində inam tapmağa kömək etmək olduğunu başa düşüb.

Nik Vuyçiç “Life without Limbs” (“Ətrafsız həyat”) qeyri-kommersiya təşkilatı təsis edib və peşəkar orator olub. Əlbəttə, o, ali təhsilin də vacib olduğunu başa düşürdü. Və Nik mühasibat və maliyyə planlaşması ixtisasları üzrə iki ali təhsil alıb.

O, 2005-ci ildə “İlin gənc avtraliyalısı” adlı nüfuzlu mükafata namizəd olub. Avstraliyada bu mükafat ictimaiyyət qarşısında böyük xidmətlərə görə verilir. 2009-cu ildə ətrafları olmayan insanın taleyindən bəhs edən “Kəpənəklər sirki” (“The Butterfly Circus”) filmində çəkilib.

 

 

Nik 45 ölkədə olub, ən müxtəlif auditoriyalar – tələbələr, biznesmenlər, kilsə xadimləri qarşısında çıxış edib. Onun Hindistandakı çıxışına 110 min nəfər gəlib. Nikin ümumilikdə 3 mindən çox çıxışı olub.

Bir dəfə Sinqapurdakı çıxışından sonra ona sanballı bir insan yaxınlaşıb. Məlum olub ki, həmin şəxs uğurlu bankirdir. O, Nikdən yardım istəyib. Belə ki, sərvəti bankiri mənəvi əzablardan qoruya bilməyib.

Nik Vuyçiç tez-tez müsahibələrə dəvət edilir. Ondan soruşurlar: “Gülməyi, həyata sevinməyi necə bacarırsan?” Lakin onunla söhbət etdikdən sonra insanlar başa düşür ki, Nik onların çoxundan daha dolğun, daha rəngli həyat yaşayır.

O, deyir ki, qarşıya ali məqsədlər qoymaq, əngəlləri və uğursuzluqları isə şəxsi inkişaf imkanı kimi nəzərdən keçirmək lazımdır. “Uğursuzluq qorxusu və vicdan əzabı sizi iflic etməməlidir”, - o, belə hesab edir.

Nik sayəsində bir çox uşaq dünyaya gəlib. Belə ki, həkimlər gələcək körpənin şikəst olacağı üçün ondan qurtulmaq lazım gəldiyini bildiriblər, amma valideynlər Nikin videosuna (məşhur “No arms, no legs, no worries” motivasiya çarxı) baxdıqdan sonra fikirlərini dəyişiblər. Nik həmin çıxışında həyatının necə gözəl olduğundan, şikəstliyi barədə həkimlərin daha tez xəbər tutacağı təqdirdə, bu gözəllikdən məhrum ola biləcəyindən bəhs edib.

Nik Vuyniç darıxdırıcı insan deyil. O, maraqlı və səmimi həmsöhbət, yumor hissinə malik zarafatcıl insandır.

Nik Vuyniçin kitabları

O, ayaq pəncəsinin iki barmağı ilə kompyuterdə dəqiqədə təxminən 43 söz çap etməklə kitablar yazır. Onun birinci kitabı – “Sərhədsiz həyat. Möhtəşəm xoşbəxt həyat yolu” (“Life Without Limits: Inspiration of a Ridiculously Good Life”) – 2010-cu ildə işıq üzü görüb və dərhal bestseller olub.

Daha sonra aşağıdakı kitablar nəşr olunub: 2013-cü ildə “Qarşısıalınmaz. Fəaliyyətdə inamın inanılmaz gücü” (“Unstoppable: The Incredible Power of Faith in Action”), 2014-cü ildə “Güclü olmaq. Sən zorakılığın (yaşamına mane olan hər şeyin) öhdəsindən gələ bilərsən” (“Stand Strong”) və 2015-ci ildə “Sərhədsiz sevgi. Möhtəşm güclü sevgi yolu” (“Love Without Limits”) kitabları işıq üzü görüb.

Sevgi

 

 

2012-ci ildə Nik Filippindən olan gözəl qadın Kanae Miyahara (Kanae Miyahara) ilə ailə həyatı qurub. 2010-cu ilin yazında onları ortaq dostları tanış edib. Bəzən qızı acgözlükdə ittiham edirlər, amma onda Kanae Nikin sərvəti barədə heç nə bilmirdi. Ümumiyyətlə, həmin vaxt o, artıq gənc oğlanla görüşməyə başlamışdı. Nikin sonradan dediyi kimi, həmin vaxta kimi o, insanların qəlbinə toxunurdu, indi isə Kanae onun qəlbinə toxunur.

“Onun əlindən tuta bilmirəm, - Kanae deyir. – Amma onu qucaqlaya bilirəm”. “Həyat yoldaşıma toxuna bilmirəm, lakin onun ürəyinə toxuna bilirəm”, - Nik deyir. Axı istənilən insan, mükəmməl görünüşə malik olanı belə ilk növbədə sevgi, qayğı və dəstəyə ehtiyac duyur.

FİKRİNİ BİLDİR