KİERON UİLYAMSONUN HEKAYƏSİ

Kimsə bunun kinofilm və ya kitab süjeti olduğunu düşünəcək. Lakin, Kieron Uilyamsonun (Kieron Williamson) başına gələnlər real hadisədir. Bu gənc impressionist rəssam unikal şedevrlərini yaradarkən kağızda reallaşdırdığı istedadı sayəsində bütün dünyada məşhurlaşıb. Onu “balaca Mone” adlandırırlar. Belə ki, onun da tabloları məşhur fransız impressionisti Klod Monenin (Claude Monet) əsərləri kimi inanılmaz gözəlliyə malikdir.

Oğlan 2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib. Oğlana nəyin – mühit dəyişikliyinin, Kornuoll təbiətinin gözəlliyinin, yoxsa tamam başqa bir şeyin təsir etdiyi məlum deyil. Ancaq məhz onda Kieronda rəssamlıq bacarığı üzə çıxıb. Və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.

İlk gəlir

2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub. Və bu dəfə gənc rəssam 200 min dollar varlanıb.

Kieron Uilyamsonun məşhurluğu, müvafiq şəkildə gəlirinin miqdarı artıb – növbəti sərgi artıq ona 600 min dollar gətirib. Onun tablolarını müxtəlif ölkələrdən, xüsusilə Yaponiya, Şimali Amerika və Avropa ölkələrindən pərəstişkarları əldə edib. Tanınmış kolleksiyaçılar öz kolleksiyalarını gənc rəssamın işləri ilə zənginləşdirib və bunu etməyə davam edirlər.

 

 

Son beş ildə Kieron Uilyamson öz tablolarının satışından 2,3 milyon dollar qazanıb. Dolayısıyla, 11 yaşda o, milyonçu olub.

Kieron Uilyamsonun biznesi

Hazırda gənc rəssam “Kieron Williamson Limited” şirkətinin sahibidir. Yaşı az olduğu üçün gənc rəssam hələlik şirkəti idarə etmək iqtidarında deyil, ona görə valideynləri ona bu işdə kömək edir. Onların da peşəsi incəsənət aləminə yaxından əlaqəlidir. Kieronun çalışqanlığı və inadkarlığına təkcə qibtə etmək olar: o, bir həftə ərzində bir neçə şəkil yaradır və bu tablolar impressionist bilicilər tərəfindən əsl şedevr kimi qiymətləndirilir.

Kieron nə qədər şəkil çəkirsə çəksin, alıcı tələbatını təmin edə bilmir. İnsanlar Uilyamsonun hələ çəkmədiyi şəkilləri almaq üçün növbəyə durur. Rəssamın özünün də dediyi kimi, növbədə duran alıcıların sayı 500-3000 arası dəyişir. Tablolar  kifayət qədər böyük qiymətə (3500-30000 dollar) satılır.

11 yaşlı uşağın yaratdığı bu əsərlərə baxanda bu şəkilləri uşağın çəkdiyinə inanmaq çətindir. Tənqidçilər hesab edir ki, o, bədii incəsənətin bütün texnikaları və nüanslarına malik yetkin rəssam səviyyəsində çəkir.

Valideynləri oğlunun dahiliyindən çaşqın vəziyyətə düşüb. Bir tərəfdən, onlar öz uşaqlarına görə şaddırlar və ona görə fəxr edirlər, digərləri isə qorxur ki, populyarlıq uşağa psixoloji zərbə vura bilər. Kiçik oğlanın qəfil istedadı KİV-də kütləvi təhqiqata səbəb olub. Bəzi nəşrlər hətta yazıb ki, şəkilləri yetkin rəssam çəkir, sonra müəllif kimi uşağın adın qeyd olunur. Marketinq gedişi olduğu bildirilir.

Ancaq Kieronun özünü onun haqqında deyilən sözlər çox da narahat etmir. O, sadəcə öz şedevrlərini yaradır və qeyd etməliyik ki, ailəsi məhz onun sayəsində firavan həyat sürür. Bu yaxınlarda Kieronun valideynləri yeni dəbdəbəli ev alıb və nəhayət, kirayə həyatı ilə vidalaşıblar.

 

 

Kieronu təkcə rəssamlıq maraqlandırmır. Oğlan futbol ulduzu olmağı arzulayır və tez-tez dostları ilə bu oyunu oynayır. Böyüyəndə Kieronun taleyi necə olacaq? Hələlik bu sualın cavabını heç kim bilmir. Arzusunda olduğu kimi futbolçu olacaq, yoxsa rəssamlıq sahəsində inkişaf edəcək? Bunu zaman göstərəcək. Ancaq onun 11 yaşında əldə etdiyi uğurlar, şübhəsiz, hörmətə layiqdir.

Göründüyü kimi, hər kəsin uğura gedən yolu fərqlidir. Bəziləri milyonları istedadı, digərləri inadkarlığı, bir başqaları ilə qeyri-standart ideyaları ilə qazanır. Əsas məsələ həqiqətən sevdiyin və bütün qəlbinlə maraqlandığın işlə məşğul olmaqdır. Onda uğur da özünü çox gözlətməyəcək!

 

FİKRİNİ BİLDİR